"Seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil" - İsa Qəmbərdən seçki açıqlaması

09-10-2019 [11:35]
Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər budəfəki qurultayda partiya başqanlığına namizədlərdən kimi dəstəkləyəcəyini açıqlayıb. 

İsa Qəmbər hazırkı başqan Arif Hacılının bu posta ən layiqli şəxs olduğu üçün ona səs verəcəyini bəyan edib:

"2014-cü ilin sentyabrında - Müsavat Partiyasının 8-ci qurultayında başqanlığa namizədlərlə bağlı mən öz mövqeyimi açıqlamadım. Bunun iki əsas səbəbi var idi:

Birincisi, mənə elə gəlirdi ki, fikrimi açıqlasam dəstəklədiyim aday asanlıqla qalib gələ bilər. Və nəticədə bir tərəfdən gerçək seçki yarışı baş tutmaz, digər tərəfdən faktiki olaraq mən varis müəyyənləşdirmiş olaram. Mən isə demokratik seçki yarışının Müsavata və cəmiyyətə faydalı olacağına inanırdım və varis müəyyənləşdirmək istəmirdim. İstəyirdim ki, məndən sonrakı başqanı və nəticədə partiyamızın növbəti mərhələdə siyasi kursunu müsavatçılar mənim təsirim olmadan müəyyənləşdirsinlər.

İkincisi, namizədlərdən bəziləri mənim öz mövqeyimi bildirməməyimi xahiş və təkid edirdilər.

İndi isə - 9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu məni sevindirir.

Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm.

Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır.

Bu mövqeyimin səbəbləri çoxdur:

1. Arif Hacılı Azərbaycanımızın ən təcrübəli, ən parlaq bioqrafiyaya malik siyasətçilərindən biridir. Onun 30 illik siyasi fəaliyyətinə diqqət yetirək. Arif Hacılı milli-azadlıq hərəkatının liderlərindən biri, AXC rəhbərlərindən biri, istiqlalçı millət vəkili, Elçibəy hakimiyyətinin sütunlarından biri, 1-ci Qarabağ savaşının səngər qəhrəmanlarından biri, Müsavat Partiyasının bərpasında, inkişafında və idarə edilməsində əsas simalardan biri, Müsavatın 6-cı başqanıdır. Azərbaycanda belə bioqrafiyaya malik çoxmu siyasətçi saya bilərsiniz?

2. Arif Hacılı 5 ildir ki, Müsavat Partiyasına rəhbərlik edir. Avtoritar rejimin daha da azğınlaşdığı, repressiyaların tuğyan etdiyi, partiyamıza həm daxildən, həm xaricdən hücumların artdığı bu 5 ildə Arif Hacılı silahdaşları ilə birlikdə maksimum səbr və fədakarlıq göstərərək Müsavatın gücünü qorumaq və artırmaq, gerçək müxalifətin sözdə deyil, əməldə birliyinə nail olmaq, xalqımızın köklü maraqlarını müdafiə etmək sahəsində mümkün olan hər bir şeyi etmişdir.

3. Arif Hacılı milli maraqlara, Müsavat dəyərlərinə, Rəsulzadə-Elçibəy yoluna, demokratiya prinsiplərinə sadiq olan, xalqımıza təmənnasız xidmət etməyə, hər bir vətəndaşımıza dost əli uzatmağa, dost yolunda hər bir fədakarlığa hazır olduğunu bütün həyatı boyu və hər an sübut edən bir ictimai-siyasi xadimdir. 2014-cü ildə mən başqanlıqdan çəkilib adaylar üçün bərabər imkanlar yaratmağa çalışdım. Arif Hacılı isə başqan olduğu və başqanlığa aday olduğu halda bütün adaylara bərabər imkanlar yaradır. Bu daha böyük fədakarlıqdlr.

Lakin mənim seçimim sadəcə Arif Hacılının bu sadaladığım və sadalaya biləcəyim keyfiyyətləri ilə bağlı deyil, yalnız onun keçmiş xidmətləri və bugünkü fəaliyyəti ilə bağlı deyil.

Mənim seçimim Arif Hacılı ilə 30 illik dostluğumuza da bağlı deyil. Bu seçim dostluğa bağlı olsaydı, mən bunu Arif Hacılının bəlkə də mənim köməyimə ehtiyacı olduğu 2014-cü ildə nümayiş etdirərdim. İndi isə mən əminəm ki, mövqeyimi bəyan etməsəm də, 9-cu qurultayda başqan seçkilərinin qalibi bəllidir.

Soruşa bilərsiniz ki, o zaman nədən mən bu gün bu sətirləri yazaraq mövqeyimi bəyan edirəm?

Cavabım çox sadə olacaq.

Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır.

Mən müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var.

Arif bəy zamanında demişdi ki, Müsavat başqanı vəzifəsi ölkəmizdə prezident vəzifəsindən sonra 2-ci ən önəmli missiyadır.

Mən isə deyirəm ki, Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır.

Və bunu bilən təkcə mən deyiləm, bir çox başqaları da bunu bilir. Məhz buna görə də hakimiyyətdən də, müxalifətdən də, digər iddialı şəxslərdən də bir çoxları, xalqımızın düşmənlərinin isə tam əksəriyyəti Arif bəyi və Müsavat Partiyasını hədəf alır.

Bunları hər kəsin bilməsini istədim. Arif bəyə səs verin!

Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!".

Reyting.az


SON XƏBƏRLƏR