Qırğız Respublikası Azərbaycana birgə müəssisələr yaratmağı təklif edib

07-10-2019 [20:16]
Qırğız Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan tərəfinə kənd təsərrüfatı sahəsində birgə müəssisələr yaratmağı təklif edib.

"Report” Qırğız Respublikasının KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin iqtisadiyyat nazirinin müavini Sultan Əhmədov bildirib.

"Qırğız Respublikasının Avrasiya İqtisadi İttifaqına daxil olmasından sonra halal standartlarına əməl olunması üçün ixtisaslı laboratoriyalar yaratmaq istiqamətində xeyli işlər görülüb. Bundan başqa, bizim geyim əşyalarımıza tələbat yüksək olduğuna görə tikiş sənayesində birgə müəssisələr yaratmağı təklif edirik”, - qırğız rəsmisi qeyd edib.

Bununla yanaşı, Sərmayələrin Təşviqi və Qorunması Agentliyinin direktoru Adilbek Şümkərbekoğlu ölkəsinin sərmayə potensialından söhbət açıb: "Son 10 ildə sürətlə inkişaf etməyə başlayan emal sahəmiz sərmayəçilərin diqqətini cəlb edir. Bundan əlavə, böyük potensiala malik mədən sahəmizə də sərmayədarların marağı var. Hazırda Kanada, Avropa ölkələri, Çin, Qazaxıstan şirkətlərilə çalışırıq. Son 5 ildə İT sahəmiz də xeyli inkişaf edir, bu sahədə bütün vergilərdən azad edən qanun qüvvədədir, böyük güzəştlər tətbiq olunur. Kənd təsərrüfatında, kənd məhsullarının emalında da vergi güzəştləri var. Bundan əlavə, ölkəmizdə yaradılan xüsusi bölgələrdə müəssisələr bütün vergilərdən azaddır, gömrük rüsumlarında da xeyli güzəştlər tətbiq olunur”.

2020-ci ildə iki ölkə arasında biznes forum keçirmək təklifini irəli sürən Qırğız Respublikasının baş nazirinin birinci müavini Kubatbek Boronov da bunun ticarət və sərmayə əlaqələrini inkişaf etdirmək baxımdan zəruri olduğunu qeyd edib.

"Təəssüf ki, statistik rəqəmlər ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın potensialından heç də tam həcmdə istifadə olunmadığını göstərir”, - deyən qırğız rəsmisi 2018-ci ildə ikitərəfli ticarət dövriyyəsinin vur-tut 5 milyon dollar səviyyəsində olduğunu qeyd edib: "Cari ilin 6 ayının yekunlarına görə, ticarət dövriyyəsi 170 faiz artıb. Biz Azərbaycana ekoloji təmiz bal, kartof, paxla, ət məhsullarımızı ixrac etməkdə maraqlıyıq. Azərbaycan isə bizə yağ, toxum və s. ixrac edə bilər”.


SON XƏBƏRLƏR