Bakıda regional iclas keçiriləcək

07-10-2019 [17:47]
Oktyabrın 8-10 tarixlərində Bakıda İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) və Vergilər Nazirliyinin birgə təşkilatçılığı ilə "Avrasiya ölkələri üçün Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsi” layihəsinə (BEPS) həsr olunan 5-ci regional iclas keçiriləcək.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, oktyabrın 8-də işə başlayacaq açıq sessiyalarda yerli və xarici dövlət orqanları, özəl sektor, təhsil müəssisələri, beynəlxalq və regional təşkilatlardan 80-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

OECD və IOTA-nın birgə təşkilatçılığı ilə hər il keçirilən tədbirin əsas məqsədi BEPS-in Avrasiya ölkələrində tətbiqi prosesinin ətraflı müzakirəsi üçün səmərəli platforma yaratmaqdır. Qeyd edilməlidir ki, OECD-nin vergi məsələləri üzrə əsas orqanı olan Vergi Siyasəti və İnzibatçılığı Mərkəzinin Qlobal əlaqələr və inkişaf şöbəsinin rəhbəri Ben Dikinson tədbirdə iştirak etmək üçün Azərbaycana gələcək.

"Qloballaşma şəraitində milli iqtisadiyyatların və bazarların inteqrasiyası yeni və daha təkmil beynəlxalq vergi standartlarının hazırlanmasına zərurət yaradıb. Bu baxımdan, "İyirmilər qrupu” (G20) və OECD tərəfindən "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinə (BEPS) qarşı tədbirlər paketinin tətbiqi üzrə İnklüziv Çərçivə” layihəsi hazırlanıb. Bu tədbirlər paketi vergitutma bazasının aşınmasına imkan yaradan hallarla mübarizə məqsədilə dövlətlərin daxili qanunvericilikləri və bağladıqları beynəlxalq sazişlərdə OECD tərəfindən standart kimi qəbul edilən müddəaların əksini tapmasını nəzərdə tutur", - Nazirlikdən bildirilib. 

Hazırda layihəyə 134 ölkə qoşulub.


SON XƏBƏRLƏR