"Qarabağ"ın futbolçusu çərçivəyə ən dəqiq zərbə vuranların siyahısında yer alıb

04-10-2019 [12:33]
UEFA Avropa Liqasının qrup mərhələsinin II turunun oyunlarından sonra statistik göstəriciləri açıqlayıb.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, ilk iki matçın nəticələrinə əsasən fərqlənən futbolçular siyahısında "Qarabağ"ın üzvləri də var. 

Ağdam təmsilçisinin futbolçusu Abdullah Zubir çərçivəyə ən dəqiq zərbə vuran oyunçuların sırasında yer alıb. Mərakeş əsilli fransalı oyunçu II turdan sonra çərçivəyə 5 dəqiq zərbə vura bilib. Zubir bu göstəricidə Hollandiya PSV-sində çıxış edən Donyell Malenlə birlikdə 4-5-ci yerləri bölüşdürür. Siyahıya 7 dəfə çərçivəyə dəqiq zərbə vuran Portuqaliya "Sportinq"indən Brunu Fernandeş başçılıq edir.

Ağdam təmsilçisinin digər oyunçusu Riçard Almeyda isə iki turdan sonra dəqiq ötürmə edən oyunçuların siyahısında 8-ci olub. Yarımmüdafiəçi iki oyuna 170 ötürmə cəhdi edib və bunlardan 148-i dəqiq alınıb. Braziliya əsilli oyunçu 87 faiz dəqiqliklə oynayıb.

Avropa Liqasında iki turdan sonra ən çox qol vuran komanda isə "Lüdoqorets"dir. Bolqarıstan təmsilçisi iki oyunda 8 dəfə fərqlənib. Komandanın heyətində Klaudiu Keşerü ən çox qol vuran (3), Anton Nedyalkov isə ən çox məhsuldar ötürmə (3) edən oyunçudur.

Qeyd edək ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin II turunda Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə üstələyib. 


SON XƏBƏRLƏR