Prezidentin köməkçisi: “Ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib"

04-10-2019 [11:53]
"Ölkəmizdə vəkillik mürəkkəb inkişaf yolu keçib. Lakin heç şübhəsizdir ki, bu təsisat özünün ən yüksək inkişaf səviyyəsinə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə nail olub”.

Bunu Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov deyib.

O qeyd edib ki, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə referendum yolu ilə qəbul edilən Konstitusiya cəmiyyətimizin müasir, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu mərhələsinə keçidinin bünövrəsini qoyub:

"Müstəqil Azərbaycanın yeni demokratik Konstitusiyası vəkilliyin hüquqi vəziyyətinin köklü şəkildə dəyişdirilməsinə və onun insan hüquq və azadlıqlarının səmərəli təmini mexanizmi qismində formalaşdırılmasına əsas yaradıb. İnsan hüquqlarının etibarlı müdafiəsi sabit, demokratik dövlətin təməl daşı və hər bir cəmiyyətin yetkinliyinin göstəricisidir. Bu mənada, 1998-ci ildə, islahatların növbəti mərhələsində qəbul edilən "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ da daxil olmaqla, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların real təminatı kimi böyük əhəmiyyət kəsb edib. Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin iştirakı ilə hazırlanan bu Qanun vəkillərin yeni hüquqi statusunu və müstəqilliyinin təminatlarını müəyyən etmiş, habelə digər qanunvericilik aktları ilə birlikdə tərəflərin prosessual bərabərliyi prinsipini təsbit edib”. 

Report


SON XƏBƏRLƏR