Rəsmi Bakı cəbhədəki təxribatlarla bağlı bəyanat yaydı

03-10-2019 [18:29]
"Məlum olduğu kimi, bu ilin 2 oktyabr tarixində Ermənistan silahlı qüvvələri növbəti təxribata əl ataraq, Azərbaycan-Ermənistan sərhədi yaxınlığında Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində təminat yollarının salınması ilə məşğul olan ekskavatorumuzu atəşə tutmuşlar. İnsident nəticəsində ekskavatorun sürücüsü, mülki şəxs Səfərəli Abışov həlak olub. Ümumiyyətlə, xatırlatmaq istərdik ki, münaqişə ərzində Azərbaycanlı mülki şəxslərin məqsədyönlü şəkildə qətlə yetirilməsi Ermənistan silahlı qüvvələrinin fəaliyyətinin əsas mahiyyətini təşkil edib. 1992-ci ildə Xocalıda baş vermiş qanlı qətliam, eləcə də Azərbaycan və Ermənistan dövlət sərhədi və cəbhə xəttinə yaxın ərazilərdə yaşayan azyaşlı uşaqların öldürülməsi halları bunun bariz sübutudur".

Mia.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.

XİN sözçüsü bildirib ki, son zamanlar tendensiya halını almış və Ermənistan rəhbərliyinin məsuliyyətsiz bəyanatları ilə müşayiət olunan atəşkəsin pozulması halları onu təsdiq edir ki, təəssüf ki, işğalçı ölkənin bəyanat və əməlləri münaqişənin sülh yolu ilə həlli maraqlarına kökündən ziddir:

"Bu hərəkətlər heç bir halda, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin gərginliyin azaldılması və münaqişənin sülh yolu ilə həlli prosesinin irəli aparılması və substantiv danışıqlar üçün müvafiq şəraitin yaradılmasına dair birmənalı çağırışının əks olunduğu 25 sentyabr 2019-cu il tarixli bəyanatının ruhu və mahiyyətinə uyğun gəlmir. Biz Ermənistan tərəfinin növbəti mənfur hərəkətini qətiyyətlə pisləyirik və bir daha xatırladırıq ki, məhz Ermənistan tərəfinin gərginliyin artırılmasına yönəlmiş siyasəti sülh prosesində irəliləyişin əldə olunmasına və bölgədə sülh və təhlükəsizliyə başlıca maneə təşkil edir. Mərhumun ailəsinə baş sağlığı veririk".


SON XƏBƏRLƏR