Baş həkimdən 120 min almaqda təqsirləndirilən şəxslərin məhkəməsi davam edib

img

02-10-2019 [13:37]


Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Rövşən Əliyev, Hətəmxan Çobanov və Elxan Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

"Report"un xəbərinə görə, şahid qismində həkim Samir Rəcəbov ifadə verib.

Təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxslər kimi təqdim etməklə üç nəfərdən külli miqdarda pul almaqda və şantaj yolu ilə pul istəməkdə ittiham olunurlar.

S.Rəcəbov bu işdə zərərçəkmiş şəxs kimi tanınan Qusar Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Zeynalovun işçisi olub. O, işdən çıxarılacağını bilib və buna görə də baş həkimə özünü "tapşırtdırmaq" vəzifəli şəxslər axtarıb. Şahidin sözlərinə görə, onu baş həkimə təqsirləndirilən Elxan Hümbətovun dayısı Ələkbər Həsənov "tapşırıb". Elxan Hümbətovu da Ələkbər vasitəsilə tanıyıb.

O bildirib ki, baş həkimdən hədə-qorxu ilə pul tələb edilməsindən xəbəri olmayıb və məsələni hüquq-mühafizə orqanlarına aparılanda bilib və Elxana baş həkim barədə hansısa şəxsi məlumatlar vermədiyi söyləyib.

Məhkəmə isə belə qənaətə gəlib ki, Elxanın tanımadığı Mübariz Zeynalovun evi, övladlarının təhsil aldığı universitetlər və onun barəsindəki digər şəxsi məlumatları bilməsi mümkün deyil.

Prosesdə iştirak edən baş həkim Mübariz Zeynalov bildirib ki, Samir Rəcəbov intizamsız olduğu üçün işdən çıxarılacaqmış. Amma iki dəfə ondan xahiş etdikləri üçün Samir Rəcəbovu işdə saxlayıb.

Məlum olub ki, Mübariz Zeynalov Elxanın adını çəkdiyi vəzifəli şəxslə görüşmək, münasibət qurmaq üçün danışıqları davam etdirib. Baş həkim məhkəmədə də bunu təsdiqləyib.

Elxan Hümbətov baş həkimin yalan danışdığını deyib və bildirib ki, baş həkim vəzifəyə getmək üçün onunla danışıb: "Mən etdiklərimi deyirəm. Əməlimi etiraf edirəm. Amma baş həkim yalan danışır. Düzdür, mən baş həkimi aldatmışam. Amma ona hədə-qorxu gəlməmişəm. Vəzifəli şəxsin adını çəkib ondan pul almışam. Həmin pulla Mübariz Zeynalov Sumqayıta baş həkim gedəcəkdi. Bunu da baş həkim özü istəyirdi. Mən hardan bilirdim ki, Sumqayıta baş həkim lazımdır? Bunu mənə Mübariz demişdi. İndi burada yalan danışır. 129 min manatı özü rüşvət vermişdi, məsuliyyətdən yayınmağa çalışır".

Elxan suallara cavabında pulu geri qaytardığını deyib: "Həkimdən aldığım pulla xaricdən üç maşın gətirmişdim. Sonra onları satıb pulu qaytardım".

Baş həkim Mübariz Zeynalov təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbinin olmadığını deyib.

Proses oktyabrın 6-da davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu ilə pul tələb etmək ittihamı irəli sürülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR