İstefa verən deputatdan diqqətçəkən açıqlama: ""Kommunist"in biletini hələ də saxlayıram, bəlkə də qaytardılar”

30-09-2019 [20:06]
Rafael Cəbrayılov Milli Məclisin deputat mandatından imtina etməsi ilə bağlı açıqlama verib.

"Report” xəbər verir ki, R.Cəbrayılov deyib ki, borc məsələsi müzakirəyə çıxarıldığına görə deputat kimi fəaliyyət göstərmək istəməyib: "Məsələ qardaşım Elşən Cəbrayılova məxsus tikinti şirkəti ilə bağlı idi. Devalvasiyadan sonra vətəndaş Təranə Fətəliyeva ilə qardaşım arasında narazılıq yarandı. Ümumiyyətlə, mənə dedilər ki, bəlkə, istefa verməyə tələsməyəsən, amma mən belə daha düzgün hesab etdim. Bu, Azərbaycanda nadir hadisələrdəndir. Yeni Azərbaycan Partiyasının üzvü deyiləm, ona görə bunu dramatikləşdirməyə ehtiyac yoxdur, janqlyorluq etməsinlər”.

O, borc məsələsinin tez bir zamanda həll ediləcəyini qeyd edib.

R.Cəbrayılov Heydər Əliyev siyasi kursuna sadiq qaldığını vurğulayıb: "Hazırda İlham Əliyevin siyasi kursuna sədaqətlə xidmət edirəm. Bundan sonra da belə olacaq. Mən tez-tez əqidəsini dəyişən adam deyiləm. Kommunist Partiyasının biletini hələ də saxlayıram. Cəlil Məmmədquluzadə demiş, bəlkə də qaytardılar”.

R.Cəbrayılov ölkəni tərk etməyəcəyini deyib.


SON XƏBƏRLƏR