Baş Prokurorluqda “961” nömrəli Çağrı Mərkəzi yaradılıb

30-09-2019 [16:52]
Dövlət başçısı İlham Əliyevin vətəndaş-məmur münasibətlərinin meyarlarını müəyyən edən tövsiyələrindən irəli gələrək qanunçuluğun və vətəndaş məmnunluğunun təmin edilməsi, prokurorluq orqanlarında müraciətlərin qəbulu üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, daxil olmuş ərizə və şikayətlərə dərhal baxılması, müraciət müəlliflərinin məlumatlandırılması və izahların verilməsi məqsədilə Baş Prokurorluqda "961” nömrəli Çağrı Mərkəzi yaradılıb.

Baş Prokurorluğun Mətbuat xitmədindən Mia.az-a verilən məlumata görə, oktyabrın 2-dən fəaliyyətə başlayacaq "961” nömrəli Çağrı Mərkəzində prokurorluğun fəaliyyət istiqamətləri üzrə, eləcə də prokurorluq işçilərinin qanunsuz hərəkətləri, ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi zamanı yol verilən pozuntular barədə müraciətlərin qəbulu və qeydə alınması, daxil olan sualların birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması mümkün olacaq.

Aşkarlığın təmin edilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə səs yazılarının qeydə alınacağı və fasiləsiz olaraq fəaliyyət göstərəcək Çağrı Mərkəzinə müraciətlərin qəbulu və cavablandırılması respublikanın istənilən regionundan stasionar telefonlar, eləcə də mobil operatorlar vasitəsilə ödənişsiz həyata keçiriləcək.


SON XƏBƏRLƏR