"Ermənistanla danışıqlardan və ATƏT-in vasitəçiliyndən imtina edilməlidir” - BQP-dən iqtidara çağırış

29-09-2019 [14:30]

Bu gün partiya başqanı Fazil Mustafanın sədrliyi ilə BQP Siyasi Qurulunun növbəti iclası keçirilib.

Partiyadan Mia.az-a verilən məlumata görə, iclasda bir sıra məsələlər müzakirə olunub, partiya başqanının ictimai-siyasi vəziyyət barədə məruzəsi dinlənilib.

Siyasi Qurulda partiya Başqanı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fazil Mustafanın şagird və tələbələrin ictimai nəqliyyatdan pulsuz istifadə etmələri barədə irəli sürdüyü təklifinə dəstək ifadə edilib:

"Partiya başqanı Fazil Mustafa tərəfindən vaxtaşırı və ardıcıl şəkildə səsləndirilən və geniş ictimai təbəqə tərəfindən razılıqla qarşılanan sosial məzmunlu təkliflər əhalinin, xüsusilə də onun aztəminatlı kəsiminin xərclərinin azaldılmasına yönəlik təşəbbüslər kimi təqdir olunmalı və müdafiə edilməlidir”.

İclasda BQP-nin rayon və şəhər təşkilatlarının rəhbərləri və fəallarının iştirakı ilə bələdiyyə seçkilərinə hazırlıq məsələlərinə həsr olunacaq növbəti Ümumrespublika Müşavirəsinin çağırılması haqqında qərar qəbul edilib, həmçinin keçirilməsi nəzərdə tutulan eyni məzmunlu zona müşavirələrinin qrafiki təsdiqlənib.

İclasda son vaxtlar Ermənistan tərəfindən təxribatçı açıqlamaların intensivliyinə diqqət yönəldilib: "Separatçı rejimin rəhbərliyi ilə Qarabağa gəlib görüşlər keçirən Fransanın Alforvil şəhərinin merinin, Kipr Respublikasının Strovolos şəhərinin merinin, Avstraliyalı deputatların səfərləri, eləcə də, ermənilərin işğalda saxladıqları Kəlbəcər rayonuna yeni yol çəkmələri, Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyinin elan etmələri ermənilərin qondarma qurumun beynəlxalq sferada tanıdılmasına yönəlik ciddi cəhdlərindən və Azərbaycana hər hansı güzəşt edilməməsi ilə bağlı dəyişməz məqsədlərindən xəbər verir”.

Qeyd edilib ki, erməni Baş nazirin bir neçə dəfə "Dağlıq Qarabağ Ermənistanındır” deyə açıqlama verməsi bu fikrin yalnız Ermənistanın daxili auditoriyasına yönəlik fikir olmadığının təsdiqidir: "Azərbaycan torpaqlarının işğalı siyasətindən nəinki imtina etmək, əksinə Qarabağın ermənilərə məxsusluğunu nümayişkəranə şəkildə hər fürsətdə dilə gətirən Ermənistanla diplomatik təmasları davam etdirmək və yarandığı tarixdən bəri heç bir münaqişənin nizamlanmasında rolu olmayan ATƏT-ə Qarabağ məsələsinin nizamlanmasını həvalə etmək bunun əlavə vaxt və enerji itikisindən başqa bir şey olmadığnı bizə ötən dörddə bir əsrin təcrübəsi də göstərib”.

İclasda BMT-nin Baş Assambleyasının 74-cü sessiyasında Türkiyə Respublikasının prezidenti R.T Ərdoğanın Qarabağ problemi ilə bağlı Azərbaycanın haqlı mövqeyini nüfuzlu tribunadan səsləndirməsindən razılıq ifadə edilib: "Lakin Ermənistanın Baş naziri bütün çıxışını Qarabağa həsr etdiyi, nitqinin tamamında Azərbaycanı kəskin ittiham etdiyi halda, ölkəmizi təmsil edən Xarici İşlər nazirinin bunun müqabilində ona ayrılan vaxtdan standart fikirlərlə kifayətlənməsi təəssüf doğurur. Azərbaycanın ən böyük problemi olan Qarabağ münaqişəsi ilə bağlı işğala və görünməmiş haqsızılığa uğrayan tərəf kimi daha konkret məzmunlu, daha sərt və birbaşa ünvanlı mövqe nümayiş etdirilməli və işğalçının yalanlarını ifşa etmək üçün ildə bir dəfə verilən bu fürsətdən maksimum istifadə edilməli idi”.

Sonda cari məsələlər müzakirə olunub və Fazil bəy iclas iştirakçılarının suallarını cavablandırıb.



SON XƏBƏRLƏR