"Zaminbank"ın vəzifəli şəxsləri hakim qarşısına çıxarıldı

25-09-2019 [13:11]
Bakı Ağır Cinayətlər Məhkəməsində "Zaminbank"ın vəzifəli şəxsləri Anar Osmanov, Şahin İlyasov, Anar Həsənov və Zərifə Abıyevanın cinayət işi üzrə hazırlıq iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Anket məlumatlarına əsasən, Şahin İlyasov cinayət məsuliyyətinə cəlb edilənə qədər "Zaminbank"ın "Sumqayıt" filialının müdiri olub. İki ali təhsili olan İlyasov ailəlidir. O, "Zaminbank"dan əvvəl Maliyyə Nazirliyində çalışıb.

Təqsirləndirilən şəxslərdən Anar Osmanovun orta təhsilli olduğu, bankın xəzinə şöbəsinin müdiri vəzifəsində çalışdığı məlum olub.

Ali təhsilli, ailəli və üç övladı olan təqsirləndirilən Anar Həsənov isə bankın kredit şöbəsinin əməkdaşı olub.

Təqsirləndirilənlərdən Zərifə Abıyeva da bankın əməkdaşı olub.

Onların hər biri ev dustaqlığındadır.

Məhkəmədə hakim Ə.Quliyev Anar Osmanova ötən məhkəmə iclasına gəlmədiyi üçün xəbərdarlıq edib. Onun səbəb kimi avtomobil qəzasına düşməsini məhkəmə bəhanə kimi qiymətləndirib.

Hakim bildirib ki, belə hal təkrar edilərsə, onun barəsindəki qətimkan tədbiri dəyişdirilə və həbs edilə bilər.

Anar Osmanov üzrxahlıq edərək bir daha gecikməyəcəyini deyib.

Məhkəmənin baxış iclası oktyabrın 3-nə təyin edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Məlumata görə onlar ayrı-ayrı şəxslərin adına kredit artıraraq bankın pulunu mənimsəyiblər. 


SON XƏBƏRLƏR