Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin köməkçisi ilə görüşdü - FOTO

24-09-2019 [22:21]
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə tərəflər ABŞ-Azərbaycan əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazir Elmar Məmmədyarov Dövlət Katibinin köməkçisinə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə Nyu Yorkda keçirilmiş görüşü barədə məlumat verib və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, eləcə də başda BMT Təhlükəsizlik Şurasının qətnamələri olmaqla beynəlxalq təşkilatların qərar və sənədləri əsasında tezliklə sülh yolu ilə həllinin vacibliyini vurğulayıb.

Bu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının qarşıdan gələn Zirvə görüşü və Azərbaycanın Hərəkata sədrliyi məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.


SON XƏBƏRLƏR