Elmar Məmmədyarov Federika Moqerini ilə nələri müzakirə etdi? - Nyu-Yorkda görüş + FOTO

24-09-2019 [21:14]
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Federika Moqerini ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə Aİ arasında mövcud olan qarşılıqlı faydalı əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparılıb.

Avropaya qaz təminatının müxtəlifliyi və təhlükəsizliyinin yaxşılaşdırılmasını nəzərdə tutan mühüm strateji qaz infrastruktur layihəsi olan Cənubi Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans Adriatik Boru Kəməri (TAP) komponentinin nəzərdə tutulmuş qrafik üzrə tikintisinin başa çatması məsələləri tərəflər arasında müzakirə edilib.

Tərəflər Azərbaycanla Aİ-nin münasibətlərinin hüquqi əsasını təşkil edəcək yeni tərəfdaşlıq Sazişi və davam edən danışıqlar üzrə fikirlərini bölüşüblər.

Ali Nümayəndə Federika Moqerini Azərbaycan Respblikasının diplomatik xidmətinin 100 illik yubileyi medalı ilə təltif olunduğu üçün təşəkkürünü ifadə edib.

Görüşdə Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Xarici İşlər nazirləri arasında Nyu Yorkda baş tutmuş ən son görüş və ümumiyyətlə, münaqişənin tənzimlənməsi prosesinin cari vəziyyəti ilə bağlı məlumat verdi və bölgədə sülh və təhlükəsizliyə ciddi hədə təşkil edən bu münaqişənin tezliklə beynəlxalq ictimaiyyətin mövqeyi, o cümlədən BMT TŞ-nin qətnamələri əsasında həllinin vacibliyini qarşı tərəfin diqqətinə çatdırıb.

Görüş əsnasında həmçinin regional və beynəlxalq gündəlikdə duran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR