Bugünkü hərracda 11 dövlət əmlakı üzrə 27 sifariş verilib

img

24-09-2019 [18:33]


Sentyabrın 24-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən növbəti hərrac keçirilib.

Komitədən Mia.az-a verilən məlumata görə, ƏMDK tərəfindən keçirilən özəlləşdirmə hərraclarında tətbiq olunan elektron xidmətlər iştirakçıların vaxtına qənaəti təmin etməklə yanaşı, prosesdə şəffaflıq və məmnuniyyəti artırır. 

Hər kəs dövlət əmlakları üzrə seçim, sifariş və iştirak prosedurlarını məkanı dəyişmədən onlayn formada edə bilər. Bu fürsətlər hərraca marağı olan digər şəxslərin də prosesdə heç bir qeydiyyat olmadan iştirakını təmin edir.

Komitənin təşkil etdiyi budəfəki hərracda 11 dövlət əmlakı üzrə ümumilikdə 27 sifariş qəbul edilib. 

İştirakçılardan 6-sı hərraca sifarişi əlavə vaxt itirmədən onlayn formada verib. Özəlləşdirilən dövlət əmlakları qeyri-yaşayış sahəsi və nəqliyyat vasitələridir. Qeyri-yaşayış sahəsi Ağdaş şəhəri, M.İsayev küçəsi, 1 ünvanında yerləşir. Ümumi faydalı sahəsi 12 kvadratmetr olan bu dövlət əmlakı 1250 manata özəlləşdirilib.

Nəqliyyat vasitələrinin hərracında iştirakçıların fəallığı rəqabətli mühiti təmin edib. Belə ki, rəqabət yaradan 5 nəqliyyat vasitəsi üzrə ümumilikdə 21 sifariş qəbul edilib. Onlardan biri "Volkswagen Passat” markalı avtomobildir. Buraxılış tarixi 2009-cu il olan avtomobil üçün ilkin qiymət 3 min 500 manat təyin olunsa da iştirakçılar arasında rəqabət avtomobilin son satış qiymətini 4 min 600 manata yüksəldib. İlkin qiyməti 1500 manat olan "MTZ-80” markalı nəqliyyat vasitəsi isə hərracda 3050 manata özəlləşdirilib.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac oktyabrın 1-də keçiriləcək. Hərracda iştirak etmək istəyənlərin ümumilikdə 27 dövlət əmlakı üzrə seçim imkanı var. Onlardan 22-si səhmdar cəmiyyəti, 5-i nəqliyyat vasitəsi və müxtəlif çeşidli avadanlıqlardır.

Hərraca çıxarılmış bütün dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və özəlləşdirməyə qoşulmaq istəyən şəxslər komitənin rəsmi saytına (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR