Oğurluğa girdiyi evdə qadını öldürən şəxsin məhkəməsində gərginlik yaranıb

24-09-2019 [16:37]
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa girdiyi evin sahibini öldürməkdə təqsirləndirilən Kənan Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un xəbərinə görə, hakim İlham Mahmudovun sədrlik etdiyi iclasda şahidlər ifadə verib.

Şahid qismində qətlə yetirilən qadının baldızı Elnarə Məmmədova ifadə verib. O bildirib ki, hadisə günü qardaşının uşağı qaçararq onlara gəlib və deyib ki, anası qan içindədir. "Onun təzyiqi var idi. Mən də fikirləşdim ki, yəqin təzyiqi qalxıb. Tez onlara getdim. Çatanda gördüm ki, qan içindədir. Başı kəsilmiş vəziyyətdə idi".

Şahid ifadəsinin sonunda təqsirləndirlənə ən ağır cəza verilməsini istədiyini bildirib.

Mərhumun iki azyaşlı övladı da dindirilib. Onlar qadının cansız bədənini ilk görənlər olub. Məlum olub ki, onlar məktəbdən gələn zaman analarının qətlə yetirildiyini görüblər.

Məhkəmə iclasında başlayandan sonadək gərginlik yaşanıb. Mərhumun yaxınları təqsirləndirilən şəxsin ünvanına sərt ifadələr işlədiblər. Hakim tərəflərə dəfələrlə xəbərdarlıq edib.

Proses davam etdiriləcək.

Qeyd edək ki, hadisə aprelin 17-də Xəzər rayonu, Şağan qəsəbəsi, yeni yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü Məlikova Kütahi Yenibala qızının yaşadığı evdə bədəni üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib. Cinayətin K.Məlikovanın qonşuluğunda yaşayan 1983-cü il təvəllüdlü Şamaxı rayon sakini, Əhmədov Kənan Qalasan oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub.

K.Əhmədov keçirilmiş istintaq hərəkətləri, o cümlədən ifadəsinin yerində yoxlanılması zamanı cinayət barəsində etirafedici ifadələr verməklə, qətl hadisəsindən sonra K.Məlikovanın yaşadığı mənzildən mərhuma məxsus oğurladığı qızıl-zinət əşyalarını və hadisə vaxtı istifadə etdiyi bıçağı basdırdığı yeri göstərib.

K.Əhmədova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adamöldürmə) maddəsi ilə ittiham verilib. 


SON XƏBƏRLƏR