"Əsgərimizi vuranlar cəzalandırılacaq" - Rəsmi Bakıdan qisas mesajı

24-09-2019 [10:14]

Azərbaycan Xarici İşlər Nazirliyi neytral zonada vurulan əsgərimiz və ABŞ-da həmsədrlərlə görüş haqda qısa  açıqlama yayıb.

Mia.az xəbər verir ki, açıqlamada deyilir:

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqların hazırkı vəziyyətini müəyyən etmək üçün iki ölkənin Xarici İşlər nazirlərinin Nyu-Yorkda baş tutan görüşü, yenidən təmas xəttində Azərbaycanlı hərbi qulluqçunun qətlə yetirilməsi ilə yadda qaldı. Azərbaycan bütün vasitələrlə bu hadisəni izləyəcək və onu törədənlər cəzalandırılacaq.

Nazirlərin görüşünə gəldikdə isə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə sülh gətirmək və bölgədə beynəlxalq norma və prinsiplərə, qaydalara hörmət edilməsi ilə bağlı səylərini genişləndirməli olduqları anlayışı ilə mövcud danışıqlar üzrə sadəcə fikir mübadiləsi aparılıb".

Xatırladaq ki, sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə  Azərbaycan Ordusunun əsgəri Abdulrəhmanov Ramin Şövkət oğlu vurulub. BQXK-nin köməyi ilə onun meyiti təmas xəttindən götürülüb.



SON XƏBƏRLƏR