Cavid Qurbanov bulvardan ərazi alıb - Nə tikiləcək? + Detallar

19-09-2019 [20:45]
Sumqayıt şəhərində yerləşən  "Nəsimi” adına mədəniyyət və istrahət parkının (Sumqayıt Bulvarı) ərazisində 2 mərtəbəli, zirzəmili  "Xəzər” İdman və Sağlamlıq Mərkəzi  tikiləcək. 
 
Yenisabah.az Tikintilərin Dövlət Reyestrinə istinadən xəbər verir ki, tikintinin sifarişçisi "Spartak1980” MMC-dir. Şirkətə bulvar ərazisində 61 sot ərazi ayrılıb. Mərkəzin layihələndirmə işini isə "Genetechs” MMC həyata keçirəcək.

Cavid Qurbanova aparan izlər 

Azərbaycan reallığında güclü himayədarı olmayan şirkətin Sumqayıt Bulvarında 61 sot ərazi alması çox çətin, yaxud ümumiyyətlə mümkün olmadığına görə, "Spartak1980” MMC-nin hansısa məmur-oliqarxın himayədarlığı altında fəaliyyət göstərdiyi, yaxud onun biznes imperiyasının subyeklərindən olduğuna dair şübhələr yarandığı üçün sözügedən şirkətlə bağlı araşdırma aparmaq qərarına gəldik.

Vergilər Nazirliyinin reyestr məlumatlarına görə, "Spartak1980” MMC 15 dekabr 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 730 min manat olan şirkətin qanunu təmsilçisi Elmixan Allahverdi oğlu Mehdiyevdir. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, S.Ə. Şirvani küçəsi, ev 1, mənzil 115-dir. 

Bir neçə il əvvəl "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY QSC) İdarə Heyətinin sədri Cavid Qurbanovun biznes imperiyası barədə dərc edilən araşdırmadan bəlli olur ki, onun şirkətlərinin əhəmiyyətli hissəsi məhz yuxarıdakı ünvanda yerləşir.

"Spartak1980” MMC ilə yanaşı sözügedən ünvanda "Sigmatech” MMC, "Alazan İnşaat” MMC, "ASCL” MMC, eləcə də "Süsən Aqro” MMC, "Retro Park” MTK, "Azercon” ASC, "Yüksel Proje-Caspian” QSC, "Azrustrans” QSC (təsisçilər: ADY QSC- 51 faiz, "Rusagrotrans” QSC, Rusiya – 49 faizi),"MSP İnternational AZ” MMC (Moravia Steel A.S – Çex Respublikası, 95 faiz və ADY QSC – 5 faiz), və "Reylvey Servis Geo” ofşor şirkətinin filialı qeydiyyata alınıb.

Ofşor şirkətin baş müsahibi

"Spartak1980” MMC-nin Cavid Qurbanova məxsus şirkətlərlə eyni ünvanda yerləşməsi, həmçinin iri layihəyə imza atması adıçəkilən MMC-nin də QSC sədrinə məxsus olmadığı barədə şübhələri artırır. 

Digər tərəfdən "Spartak1980” MMC-nin qanuni təmsilçisi Elmixan Mehdiyev həm də "Azercon Holding Ltd” ofşor şirkətinin baş mühasibidir. Bu şirkətin də Cavid Qurbanova məxsus olduğu şübhə doğurmur. 

Məlumat üçün deyək ki, Cavid Qurbanovun biznesinin özəyini təşkil edən qruplardan biri "Azercon” ASC adlanır.  ASC 27 avqust 2002-ci il tarixdə dövlət qeydiyyatına alınan "Qlobal Trans” Məhdud Məsuliyyətli Cəmiyyətinin yenidən təşkil olunması və adının dəyişdirilməsi nəticəsində formalaşıb. Şirkət əvvəlcə "ACC” ASC adını daşıyıb. 2013-cü ilin iyununda isə yenidən adı dəyişdirilib və hazırda "Azercon” ASC adlanır. 
 
Qrupa "Süsən Aqro” MMC, "Lor Hospital” MMC, "Retro Park” Mənzil Tikinti Kooperativi və "American Hospital Tbilisi” daxildir. Göründüyü kimi Sumqayıt Bulvarında sağlamlıq və idman mərkəzinin izləri Cavid Qurbanova çıxır.

Fazil Məmmədovun adamına dələduzluq ittihamı

Yeri gəlmişkən, bir il əvvəl Elmixan Mehdiyev Bakı şəhər Baş Polis İdarəsinə şikayət edərək bildirib ki, 2016-cı ilin sentyabr ayında "Şəmkir” futbol klubunun direktoru Elvin Murğuz oğlu Səfərli ondan dələduzluq yolu ilə 166 min manat pulunu alıb. Polis İdarəsində daxil olmuş ərizə araşdırılıb və cinayət işinin başlanması üçün aidiyyatı üzrə Nəsimi RPİ-nə göndərilib. 

Artıq Nəsimi RPİ-də faktla bağlı cinayət məcəlləsinin 178 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. Bu məlumat mediada "Fazil Məmmədovun yaxın adamı həbs edilə bilər” başlığı ilə tirajlanıb. Lakin olayın nəticəsi barədə heç bir məlumata rast gəlinmir.

Komitə layihəçiyə xəbərdarlıq edib

"Spartak1980” MMC-nin inşa etdiyi Mərkəzin layihəçisi "Gentechs” MMC-yə gəlincə, Vergilər Nazirliyinin reyestr məlumatlarına əsasən şirkət 15 yanvar 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Əliyev Vaqif Ramizoviçdir. Şirkətin hüquqi ünvanı isə Bakı şəhəri Xətai rayonu, Gəncə prospekti ev 95, mənzil 40-dır. 

Vaqif Əliyev barəsində açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. MMC-nin özünə gəlincə, 2015-ci ildə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şirkətə xəbərdarlıq edib. Xəbərdarlıq  MMC-nin Real MTK-nın sifarişi ilə Nərimanov rayonu, N.Yusifbəyli küçəsində 23 mərtəbəli binanın layihəsi ilə bağlı olub. 

Komitə MMC-ni şəhərsalma normalarını pozmaqda ittiham edib.


Yenisabah.az




SON XƏBƏRLƏR