ADP sədri İlham Əliyevə müraciət etdi

19-09-2019 [16:57]

ADP sədri Sərdar Cəlaloğlu Prezident İlham Əliyevə erməni faşistləri və rus şovinistləri tərəfindən Azərbaycan xalqına qarşı aparılan işğalçılıq və genosid siyasəti nəticəsində şəhid olan uşaqların xatirələrinin əbədiləşdirilməsinin vacibliyi ilə bağlı müraciət ünvanlayıb. 

Mia.az həmin müraciəti təqdim edir:

"Son illər hakimiyyət tərəfindən erməni-rus birliyinin xalqımıza qarşı apardığı ədalətsiz müharibə, genosid, ərazilərimizin işğal və ilhaq edilməsi siyasətinin ifşası istiqamətində xeyli işlər görülmüş, Xocalı soyqırımı qurbanlarına Bakı şəhərində abidə ucaldılmış, Bakıda və rayonlarda Şəhidlər xiyabanları salınmış, şəhidlərimizin xatirələri əbədiləşdirilmiş və xalqımızın məruz qaldığı ədalətsizliklərlə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

1988-ci illərdən başlayan Azərbaycan ərazilərinin işğal və ilhaq edilməsinə yönəlmiş beynəlxalq hüquqda nəzərdə tutulmuş müharibə qanunları ilə daban-dabana zidd olan və zaman-zaman genosid xarakteri alan ədalətsiz müharibədə Azərbaycan vətəndaşları olan qocalar, kişilər və qadınlarla yanaşı məsum körpə uşaqlar da şəhid edilmişdir.

15 iyul 1989-cu ildə Kəlbəcər rayonunda 8 uşaq, eləcə də 3 il sonra Xocalı soyqırımında 63 uşaq kütləvi şəkildə məhv edilmişdir. Müharibədə uşaqların kütləvi şəkildə məhv edilməsi həm beynəlxalq müharibə qanunlarına, həm də beynəlxalq Uşaq Hüquqları Haqqında Konvensiyanın tələblərinə qarşı olub, bəşəriyyətə qarşı cinayət kimi dəyərləndirilməlidir.

Bu tipli cinayətlərin bir daha təkrarlanmaması üçün dünya ictimaiyyətinə bu məlumatları çatdırmaq vacibdir. Bu məqsədlə "Şəhid uşaqlar” haqqında xüsusi kitab albomlarının nəşr edilməsi, Şəhidlər Xiyabanında və ya şəhərin başqa bir yerində (məsələn Kukla teatrının qabağnda) şəhid uşaqların xatirəsinin əbədiləşdirilməsi üçün abidə qoyulması məqsədə müvafiqdir.

Bu, Azərbaycan əraziləri hesabına torpaqlarını artırmaq istəyən erməni faşistlərinin, eləcə də onlara dəstək verən rus şovinistlərinin ifşa edilməsində mühüm əhəmiyyət kəsb edər, eyni zamanda gənclərimizin vətənpərvərlik ruhunun yüksəlməsinə və düşmənə nifrət ruhunda tərbiyyə olunmasına xidmət etmiş olardı.”

Müraciətin sonunda yuxarıda qeyd olunların xüsusi əhəmiyyətini nəzərə alaraq, ailəsindən 2 şəhid verən bir Azərbaycan vətəndaşı kimi ADP sədri S.Cəlaloğlu bütün şəhid ailələri adından ölkə başçısı İlham Əliyevdən şəhid uşaqların xatirəsinin əbədiləşdirilməsi üçün müvafiq sərəncam verilməsini xahiş edib.



SON XƏBƏRLƏR