Hacı Əliyevlə Mahir Əmiraslanov bürünc medal qazanmaq şansı əldə ediblər

19-09-2019 [16:05]
Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatında bu gün Azərbaycan güləşçiləri 6 çəki dərəcəsində çıxış ediblər.

"Report" xəbər verir ki, öncə sərbəst güləşçilər 2 çəkidə mübarizəyə başlayıblar. "Minsk 2019" II Avropa Oyunlarının qalibi Mahir Əmiraslanov (57 kq) təsnifat mərhələsində qırğızıstanlı Uluqbek Joldoşbekovla üz-üzə gəlib. Əmiraslanov 5:4 hesabı ilə qalib gələrək, 1/16 finala yüksəlib. Lakin o, son dünya çempionu, eləcə də Avropa çempionatının və II Avropa Oyunlarının mükafatçısı, rusiyalı Zavur Uquyevə 3:4 hesabı ilə uduzub. Uquyev finaladək irəlilədiyi üçün Əmiraslanov bürünc medal uğrunda təsəlliverici görüşlərə haqq qazanıb.

3 qat dünya, 3 qat Avropa çempionu, "Minsk 2019" II Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Hacı Əliyev (65 kq) də təsnifat mərhələsindən mübarizəyə başlayıb. O, rusiyalı ikiqat Avropa çempionu və son iki dünya çempionatının gümüş mükafatçısı Hacımurad Rəşidovla üz-üzə gəlib. Görüşün sonlarında hakimlərin mübahisəli qərarı üzündən Əliyevin qələbəsi əlindən alınıb və o, 2:4 hesabı ilə uduzdurulub. Bununla belə, titullu pəhləvan bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq. Səbəb Rəşidovun finaladək irəliləməsidir.

Qadın güləşçilər isə son 2 çəki dərəcəsində mübarizəyə başlayıblar. Avropa mükafatçısı Elmira Qəmbərova (62 kq) 1/16 finalda rumıniyalı Avropa mükafatçısı Krista İntseni, dünya və Avropa mükafatçısı İrina Netreba (68 kq) isə burkina-fasolu İvette Zieni sınağa çəkib. Qəmbərova 2:3 hesabı ilə uduzduğu halda, Netreba qalib gəlib - 6:4. Lakin növbəti mərhələdə ağır çəkili pəhləvanın qarşısını almaniyalı Anna Karmen Şell tuşe ilə kəsib. İntse və Şell finaladək irəliləyə bilmədikləri üçün Qəmbərova ilə Netreba təsəlliverici görüşlərdə iştirak şansını itirib.

Daha bir qadın güləşçi Tatyana Omelçenko (59 kq) ukraynalı Angelina Lısaka uduzaraq, 7-ci yerlə kifayətlənib.

Axşam proqramında Elis Manolova (65 kq) bürünc medal görüşünə çıxacaq. Onun rəqibi bolqarıstanlı keçmiş həmyerlisi Yuliana Vasileva Vaneva olacaq.

Omelçenko və Manolova qeyri-olimpiya, qalan güləşçilər isə olimpiya çəkilərində yer alıblar.

Dünya çempionatı 

19 sentyabr

Qadın güləşi

62 kq 1/16 final. Elmira Qəmbərova - Krista İntse (Rumıniya) - 2:3

68 kq

1/8 final. İrina Netreba - Anna Karmen Şell (Almaniya) - 4:5 (tuşe) 1/16 final. İrina Netreba - İvette Zie (Bukina-Faso) - 6:4

59 kq Təsəlliverici görüş. Tatyana Omelçenko - Angelina Lısak (Ukrayna) - 6:6 (texniki fəndlə)

65 kq

Bürünc medal görüşü. Elis Manolova - Yuliana Vasileva Vaneva (Bolqarıstan)

Sərbəst güləş

57 kq

Təsəlliverici görüş. Mahir Əmiraslanov - Bexbayar Erdenebat (Monqolustan)

1/16 final. Mahir Əmiraslanov - Zavur Uquyev (Rusiya) - 3:4 Təsnifat. Mahir Əmiraslanov - Ulukbek Joldoşbekov (Qazaxıstan) - 5:4

65 kq

Təsəlliverici görüş . Hacı Əliyev - Amr Reda Ramadan Hussen (Misir)

Təsnifat. Hacı Əliyev - Hacımurad Rəşidov (Rusiya) - 2:4

Qeyd edək ki, hələlik Azərbaycan təmsilçilərindən qadın güləşçi Mariya Stadnik (50 kq) qızıl medal və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.



SON XƏBƏRLƏR