"Mən heç kimə xəyanət etmədim, YAP-a keçmədim" - Rauf Arifoğlu

19-09-2019 [15:43]
"Milli Şura formatında olanlar Azərbaycana xəyanət etdilər. Bunun üstü açılacaq, hər kəs üçün…”.

Mia.az xəbər verir ki, bunu Redaktor.az-a müsahibəsində "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu deyib. O, qeyd edib ki, 2013-cü ilə qədər bütün müxalifətə, 15-ci ilə qədər də Müsavata təmənnasız media dəstəyi verib, üstəlik heç kimdən maddi qarşılıq almayıb. 

"2013-cü ildəki seçkilərdə Cəmil Həsənlini son ana  qədər müdafiə etmişəm, gedib ona səs vermişəm. Onun  vəkili olmuşam, özü də bizə xüsusi təşəkkür edib. Amma mən ona təşəkkür edə bilmərəm. Çünki Milli Şura modelindəki xəyanətə o da qoşuldu. Sonra da gördüm ki, çox nanəcib və üzüdönük adamdı… 

Toplu halda, müxalifət liderləri uğursuzluqlarının səbəblərini mənə və qəzetimizə yükləməyi sevirlər. Həm Müsavat rəhbərləri, həm AXCP sədri öz elektoratına illərdir ki, hədəf olaraq məni göstərirlər. Bir qaralama, bir terror kampaniyasına hədəf oldum. 

Görünür, onlara belə rahatdı. Bilmirəm, bir başqası buna dayana bilərdimi, amma mən dayandım və qəzetçi kimi işimi davam etdirirəm. Onların yanında olanda da qəzetçi idim, indi də. Mən dəyişməmişəm. Sadəcə, uğursuz bir komandadan, yanlış aparılan bir siyasi xətdən ayrılmışam, onlara təmənnasız media dəstəyimi çəkmişəm. 

Rauf Arifoğlu 1989-cu ildən 2015-cu ilə qədər, bu düşərgəyə bütün gücü ilə dəstək verdi, liderlərin qorxub, geri çəkildiyi yerdə irəli getdi, məğlubiyyət və fərariliklərini yaradıcılıqla ört-basdır etdi, hər mərhələdə yanlarında oldu, Qaraca Çoban kimi, düşmənlərinə girdi; bütün kampaniyaların əsas tribunasını yaratdı, müxalifətin informasiya siyasətini qurdu, iqtidarın informasiya texnologiyalarını çox zaman iflic duruma saldı... 

İki dəfə həbsxanaya girdi, partiyaya böyük maddi dəstək verdi... Amma bir son olmalı idi, ömrümü bu uğursuzlara xidmətdə keçirəsi deyildim ki. 2013-cü ildən sonra müxalif düşərgədə qalmağın mənası yox idi və mən qərarımı elə həmin il vermişdim. Özlərinin təqdim etdiyi kimi deyil, mən heç kimə xəyanət etmədim, kimsəni və dəyərlərimi satmadım. Qəzetimi də götürüb, kollektivin maraqlarını birinci sıraya qoydum. YAP-a keçmədim, mühacirətə qaçmadım. Nə qəzetimin adını, nə iş yerimi, nə ölkəmi, nə dinimi, nə də millətimi dəyişdim. Proses kifayət qədər şəffaf oldu. Bunu o zaman İsa Qəmbər dəqiq ifadə etmişdi…  

Sadəcə, yerimiz o qədər böyük idi ki, doldurmağa cəhd etdilər, alınmadı, indi də boş qalıb. O boşluğa hər şey deyilə bilər, amma xəyanət deyilməz. Üstündən xeyli zaman keçib və indi daha çox adam qəbullanır ki, mən düz etmişəm. Bir zamanlar məni suçlayanların bir çoxları artıq məndən qoruduqlarını özləri suçlayırlar. (Belələrinin mənə bir üzür borcu var.) 

Əminəm ki, zaman gələcək, bu gün məni günahlandıran siyasətdəki keçmiş dostlarımın nəvələri mənim siyasi manevrlərimi, çevik qərarlarımı dərsliklərdən, kitablardan oxuyacaqlar”.


SON XƏBƏRLƏR