İcra başçısının müavini məhkəmədə ifadə verdi - Məktəb direktorunun işi ilə bağlı

img

18-09-2019 [14:30]


Bu gün ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən 162 nömrəli tam orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın cinayət işi üzrə məhkəməsi davam edib. 

Mia.az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı açıq elan edilib. 

Prokuror ittiham aktını elan edib. 

İttihamda qeyd olunub ki, 8 E sinif şagirdi E.Hacıyeva mütəmadi olaraq dərslərə gecikib, geyimi məktəbli formasına uyğun olmayıb, bundan öncə bir dəfə məktəbdə ülgüclə boğazını kəsib, şagirdlər daim Elinanı sıxışdırıb, lakin direktor Sevinc Abbasova bununla bağlı hər hansı addım atmayıb, sadəcə E.Hacıyevanın anasına şifahi məlumat verməklə kifayətlənib. E.Hacıyeva aprelin 4-də özünü məktəbin 3-cü mərtəbəsindən atandan sonra S.Abbasova təcili tibbi yardımı vaxtında çağırmayaraq, məktəblinin həyatını təhlükədə qoyub.

İttihama münasibət bildirən keçmiş direktor Sevinc Abbasova isə özünü təqsirli bilmədiyini deyib.

Məhkəmədə Elina Hacıyevanın anası Sevil Hüseynova və Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Xalidə Bayramova ifadə veriblər. 

Prosesdə saat 14-ə qədər fasilə elan edilib.

Qeyd edək ki, Bakı şəhəri Səbail rayonu 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Daha sonra Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə açılan cinayət işinə xitam verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR