Nazirlik Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən qeydiyyatdan keçmiş fermerlərin sayını açıqladı

img

18-09-2019 [13:38]


Bu günə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) qeydiyyatdan keçən fermerlərin sayı 335 230 nəfərə çatıb.

Kənd Təsərrüfatı Nazirliyindən Mia.az-a verilən məlumata görə, EKTİS-də ən çox Sabirabad, Xaçmaz, Bərdə, Şəki, Cəlilabad, Tovuz, Saatlı, İmişli və Ağcabədi rayonlarında yaşayan fermerlər qeydiyyatdan keçiblər.

Sabirabadda 15 781, Xaçmazda 12 812, Bərdədə 12 511, Şəkidə 11 601, Cəlilabadda 11 534, Tovuzda 10 968, Saatlıda 10 911, İmişlidə 10 372, Ağcabədidə 10 232 fermer öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil ediblər.

Ümumilikdə 245 585 fermer torpaq mülkiyyətini təsdiq edən Dövlət Aktı və şəhadətnamə, 69 519 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 8 265 fermer icarə sənədi, 1 353 fermer torpaq sahəsinin planı, 711 fermer etibarnamə, 399 fermer vərəsəlik şəhadətnaməsi əsasında sistemdə qeydiyyatdan keçib. Qalan fermerlər EKTİS-də yaratdıqları şəxsi kabinetə ilkin mərhələdə tələb olunan digər sənədləri əlavə ediblər.

EKTİS-də şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər. Azərbaycanın müxtəlif bölgələrində bu prosesə cəlb olunan DAİM əməkdaşları və könüllülərə Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları tərəfindən təlimlər keçirilib.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət Mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilərlər.

2020-ci ildən Azərbaycanda yeni subsidiya mexanizminin tətbiqi ilə əlaqədar bölgələrdə fermerlərə yeni təlimlərin keçirilməsinə start verilib. Təlimlərdə fermerlərə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyat prosedurunu, məlumatların daxil edilmə ardıcıllığı barədə məlumatlar verilir.

Qeyd edək ki, gələn ildən etibarən fermerlərə aqrar subsidiyalar EKTİS üzərindən veriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR