Silsilə cinayətlərdə təqsirləndirilən dəstə üzvlərinə hökm oxundu

img

12-09-2019 [16:36]


Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluq cinayətləri törətməkdə təqsirləndirilən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, S.Həşimov və E.Kazımov 12 il, A.Məmmədova isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Qeyd edək ki, şəhər sakini Adil Babayev Xəzər Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək bildirib ki, tanımadığı üç nəfər şəxs onun idarə etdiyi avtomobilə müştəri kimi əyləşərək onları Türkan qəsəbəsinə aparmağı xahiş edib.

Həmin ünvana çatanda isə həmin şəxslər ona hücum edərək bir ədəd qızıl üzüyünü və 100 manat pulunu quldurluq yolu ilə ələ keçiriblər. Araşdırma zamanı məlum olub ki, həmin şəxslər sürücünün Bülbülə qəsəbəsində yerləşən evinin və mənzildə olan seyfin açarlarını da əldə ediblər. Bakı Şəhər Baş Polis İdarəsi, Xəzər və Xətai rayon polis idarələri əməkdaşları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən quldurluq hadisəsini törətməkdə şübhəli bilinən Samir Həşimov, Elvin Kazımov və Aysel Məmədova saxlanılıblar.

Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda yerləşən vətəndaş Məhəmməd Əzizovun evinə oğurluq məqsədi ilə daxil olduqları və həmin mənzildən 5 min manat dəyərində qızıl və məişət əşyaları oğurlayaraq satdıqları məlum olub.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR