HEYİF BİZDƏN...

(Dostum Əliheydər bəyə ithaf)

11-09-2019 [23:31]
Vüqar Əhməd

***

Gah kiçildik, gah ucaldıq,
Ömür keçdi, biz qocaldıq,
Yaradandan biz güc aldıq,
Heyif bizdən, heyif bizdən.

Şən göründük fəqət üzdən,
Qəm bilindi üzdən, gözdən,
Tez incidik acı sözdən,
Heyif bizdən, heyif bizdən.

Uzaq düşdük çöldən, düzdən,
Taqət itdi, həm də dizdən,
Kəfənimiz adi bezdən,
Heyif bizdən, heyif bizdən.

Ne verdisə, aldı bizdən,
Nə gəlir ki, əlimizdən,
Torpaq gedib əlimizdən,
Heyif bizdən, heyif bizdən.

Nə tapdıqsa onu yedik,
Gecə-gündüz qapı döydük,
Özümüzü elə söydük,
Heyif bizdən, heyif bizdən.

Üz çevirir gözəllər də,
Söz qaytarır dəcəllər də,
Sevgi fəqət qəzəllərdə,
Heyif bizdən, heyif bizdən.

Çoxu gedib, azı qalıb,
Yazılmamış yazı qalıb,
Nəvələrin nazı qalıb,
Heyif bizdən, heyif bizdən.

Ömür boyu çəkdik zəhmət,
El-obamız verdi qiymət,
Çox deyinir Vüqar Əhməd, 
Heyif bizdən, heyif bizdən.

10.09.2019


SON XƏBƏRLƏR