DİM-də iclas keçirildi - Dövlət qulluğuna qəbulla bağlı

09-09-2019 [16:00]
Dövlət İmtahan Mərkəzində (DİM) Azərbaycanda dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya”nın 2019-2021-ci illərdə icrası üçün Fəaliyyət Planının icrasına dair iclas keçirilib. 

Mərkəzdən Mia.az-a verilən məlumata görə, iclasda Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər - dövlət qulluqçularının peşəkar inkişaf sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, dövlət qulluğunda rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, dövlət orqanlarının tədris mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı fəaliyyət planının hazırlanması və tədris mərkəzlərinin fəaliyyətinin dövrün tələblərinə uyğunlaşdırılması, dövlət orqanlarında kadr qurumlarının həmin orqanların işçilərinin sayına mütənasib olaraq təşkili, dövlət qulluğuna dair qanunvericiliyin icrasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və s. barədə müzakirələr aparılıb.

Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərlə bağlı hazırlanan layihələr müzakirə edilib və tapşırıqların icrası üçün görüləcək növbəti tədbirlər müəyyən edilib.

İclasda Hesablama Palatasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Dövlət İdarəçilik Akademiyasının nümayəndələri və Dövlət qulluğu məsələləri şöbəsinin əməkdaşları iştirak edib.

Qeyd edək ki, Prezidentin 23 noyabr 2018-ci il tarixli 739 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üzrə Strategiya” və Strategiyanın 2019-2021-ci illərdə icrası üzrə Fəaliyyət Planı təsdiq edilib. 

Sərəncamla Dövlət İmtahan Mərkəzi Strategiyanın həyata keçirilməsi və icrasının monitorinqi üzrə əlaqələndirici orqan olaraq müəyyən edilib.

Strategiyanın əsas məqsədi dövlət qulluğu sistemində idarəçiliyin təkmilləşdirilməsi, dövlət orqanlarının kadr potensialının inkişaf etdirilməsi, yüksək mənəvi və etik dəyərləri əsas tutan, bilik, bacarıq və müsbət şəxsi keyfiyyətləri ilə seçilən dövlət qulluqçuları korpusunu formalaşdırmaqla dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılmasıdır.

Eyni zamanda, Strategiya dövlət qulluğu sisteminin inkişafı məqsədilə institusional quruculuq, kadr siyasəti, dövlət qulluqçularının rotasiyası, onların peşəkarlığının və fəaliyyətinin səmərəliliyinin artırılması, dövlət qulluğunda səriştə (kompetensiya) və mütərəqqi motivasiya (həvəsləndirmə) modellərinin tətbiqi, dövlət qulluğunun informasiya təminatının yaxşılaşdırılması sahəsində və bir sıra əlaqəli sahələrdə əsaslı islahatlar aparılmasını nəzərdə tutur.


SON XƏBƏRLƏR