"Nazirlərdən taladıqları geri alınmalıdır" - Sabiq nazirdən keçmiş həmkarlarına xəyanət ittihamı

img

07-09-2019 [22:02]


YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun sabiq nazirlərə bağlı açıqlaması cəmiyyətdə böyük maraq doğurub.

Mia.az xəbər verir ki, bununla bağlı sabiq maliyyə naziri Fikrət Yusifov da öz münasibətini açıqlayıb.

O, qeyd edib ki, Siyavuş Novruzov sabiq nazirlərlə bağlı dediklərində haqlıdır:

"Cəmiyyyətin gözü tərəzidir, kimin nə ilə nəfəs aldığını çox yaxşı bilir. Vaxtılə dövlətin milyardlarla manat vəsaitini talayanların kimliyini də hər kəs çox gözəl bilir. Mən bu adamların hakimiyyətə maliyyə müxalifi olduqlarını dəfələrlə yazmışam və demişəm. Burada bütün baş verənlər sadə məntiqə söykənir. Yəni yeni nə isə kəşf etməyə ehtiyac qalmır. Bir korrupsioner məmur vəzifədən çıxarılırsa, deməli, o, oğurlaya biləcəyi milyardlardan məhrum olur. Elə bu səbəbdən də, vəzifədən getdikdən sonra belələrinin 9/10-u avtomatik olaraq hakimiyyətə müxalif olurlar. Çünkü hakimiyyət vəzifədən çıxarmaqla, onları böyük qazanc mənbəyindən məhrum edib. Belələri vəzifədən gedəndən sonra hakimiyyətə dost ola bilərmi?".

Sabiq nazir deyir ki, onların normal əqidəsi olsaydı, dövlətin malını, pulunu talamazdılar: 

"Talayıblarsa, deməli, xəyanət ediblər. Xəyanət ediblərsə, deməli, onlar üçün müqəddəs heç nə yoxdur və onlar vəzifədən uzaqlaşdırıldıqdan sonra on dəfə artıq xəyanət edəcəklər”.

F.Yusifov qeyd edib ki, bu gün Azərbaycan hakimiyyətinin maliyyə müxalifətinin başında da məhz bu xəyanətkarlar dayanır:

"Ona görə, mən dəfələrlə təklif etmişəm ki, hakimiyyət onların taladıqları pulları geri qaytarmalıdır. Əks halda, bu pullar hakimiyyətə qarşı istifadə olunacaq. Təəssüf ki, bu gün bu da baş verir. Bu adamların kimliyi hər kəsə bəllidir. Bu adamları tutduqları yoldan geri döndərməyin yeganə yolu onların dövlətdən oğurladıqları pulları geri qaytarmaqdır. Əks halda, onları bu yoldan heç kim çəkindirə bilməyəcək”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR