Təhsil Nazirliyi yanında İctimai Şura: 40 manata səsvermə hüququ? - Yeni mübahisə

07-09-2019 [12:43]
Təhsil Nazirliyi yanında yaradılan İctimai Şuraya keçirilən seçki ilə bağlı mübahisələr davam edir.

Mia.az xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədovdan sonra İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə də  Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkiləri tənqid edib.

Çox maraqlıdır ki, bu tənqidlərə əsasən bu günlərdə keçirilən seçkidə qalib olanlardan biri - təhsil üzrə peşəkar ekspert Etibar Əliyev cavab verib.

Elə o, C.Hüseynzadənin də ittihamları ilə razılaşmayıb: "Həmkarımız Cəsarət Hüseynzadə Təhsil Nazirliyi yanında İctimai Şuraya keçirilən seçkiləri tənqid edib. Əslində, Cəsarət müəllim hələ seçkidən əvvəl tənqidlərə başlamışdı. Onun bu fikri məni xeyli təəccübləndirdi: "Faktiki olaraq, ölkənin əsas vətəndaş cəmiyyəti təşkilatları bu seçkilərdə iştirak etməkdən imtina etmişdir.” Nəyə görə? Bəlkə bunu təşkil etmişdilər? Daha bir sual... Nədən təhsil sizin üçün maraq kəsb etmədi? Bəli, Cəsarət müəllimin nəzərdə tutduğu ölkənin əsas vətəndaş cəmiyyəti təşkilatları bu seçkidə iştirak etməmək üçün təşkilatlanmışdı. Bu, birmənalı belədir. Və buna baxmayaraq, seçkidə kifayət qədər nüfuzlu vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri iştirak etdi. 

Hörmətli Cəsarət müəllim! Mən 2005-ci ildə "XXI Əsr Təhsil Mərkəzi" İctimai Birliyini yaratmışam. İctimai şuralar yaranmağa başlayanda mən nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, nə də Ekologiya və Təbii Sərvətlər nazirliyində yaradılan İctimai Şuralara namizədliyimi vermədim. Hesab etdim ki, bu sahələr üzrə mənim biliklərim məhduddudur. Buna görə də Təhsil Nazirliyinin yanında yaradılan İctimai Şuraya təhsil mütəxəssislərinin seçilməsi qıcıq yaratmamalıdır. Narahat olmayın, Seçilənlərin demək olar ki, hamısının Vətandaş Cəmiyyətinə bağlılıqları var. Və onlar 100-lərlə fəaliyyətsiz QHT rəhbərlərindən daha çox tanınır və daha böyük nüfuz sahibidirlər".

Cəsarət Huseynzadə isə ona belə cavab verib: "Hörmətli Etibar müəllim, mən şəxsən həmin şəxslərin Şuraya layiq olmasına zərrə qədər də şübhəm yoxdur. Və tanıdıqlarımın hər birinə dərin hörmətim var. Mən bir VC nümayəndəsi olaraq, öz təhlillərimi qanunvericiliyə əsaslanaraq ictimaiyyətə təqdim etdim. Təssüf ki, bunu inkar edəcək faktları görmədim!

QHT-lərin bu seçkidə niyə iştirak etməməsinin səbəbini mən bilmirəm. Öz adımdan isə onu deyə bilərəm ki, 40 manat xərc çəkib bu seçkidə səs vermək hüququnu əldə etməyi təhqir hesab etdiyim üçün prosesə qatılmadım.

Hər birinizə dərin hörmətimi bildirir və İctimai Şurada təmsil olunacaq şəxslərə uğurlar arzulayıram!".

Etibar Əliyev isə "Cəsarət müəllim, mövzu ilə bağlı bir dəyirmi masa da təşkil etmək olar. Mən də sizə uğurlar arzulayıram", - deyə, bildirib.

Mia.az xəbər verir ki, İctimai Şura üzvləri heç bir halda qanunla maaş almırlar. Bəzi iddialara görə, nazirlər rəhbərlik etdiyi qurum haqqında müsbət rəy və çıxışlar etmələri üçün onlara qeyri-rəsmi ödənişlər verirlər.

Hər halda bunu söhbət etdiyimiz bir çox şura üzvləri inkar etsə də, bunun belə olduğunu cəmiyyətin fəal kəsiminin hamısı arxada danışırlar.

Bu və ya digər məqamlarla bağlı geniş araşdırmamız olacaq.

Mia.az



SON XƏBƏRLƏR