Azərbaycanda kənd təsərrüfatı kreditlərinin verilməsi asanlaşacaqmı? - Yeni sistem tətbiq olunacaq

05-09-2019 [23:35]
Azərbaycanda aqrar kreditlərin qiymətləndirilməsi üçün yeni sistem istifadəyə verilir. 

Bu barədə KTN-dən Mia.az-a verilən məlumata görə, sistem Aqrar Kredit və İnkişaf Agentliyi üçün AYİB və Aİ-nin dəstəyi, Frankfurt Maliyyə və İdarəetmə Məktəbinin iştirakı ilə hazırlanıb.

AzALES (Azərbaycan Kənd Təsərrüfatı Kreditlərinin Qiymətləndirilməsi Sistemi) adlanan yeni alət aqrar sahədə risklərin daha yaxşı qiymətləndirilməsinə və kredit müraciətlərinə daha sürətlə baxılmasına imkan verəcək.

Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov yeni mexanizmin hazırlanmasına 2015-ci ildən başlandığını, layihənin uğurla başa çatdığını bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda risklərin dəyərləndirilməsi maliyyə qurumları üçün çox vacibdir və AzALES banklara bu imklanları təqim edir.

"Kredit təşkilatlarında, xüsusilə rayon filiallarında kreditlərin qiymətləndirilməsi üzrə kifayət qədər təcrübəli mütəxəssislərin olmaması səbəbindən bu qurumlar riski üzərinə götürmək istəmir. Buna görə də, ya fermerlərin aqrar kredit müraciətləri rədd edilir, ya qiymətləndirmə prosesi uzun sürərək, fermerin işini yubadır, ya da kreditin məbləğindən qat-qat artıq dəyərə malik daşınmaz əmlak girov tələb olunur. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının uzunmüddətli, etibarlı və sərfəli maliyyəyə çıxışına maneə yaradır. AzALES banklara riskləri daha yaxşı qiymətləndirməyə və kredit müraciətlərinə sürətlə baxmağa imkan verəcək”- deyə Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.

Sistem fermerlərin maliyyəyə çıxışını asanlaşdırdığı kimi, kredit təşkilatlarına da işçi və resurslara qənaət, riskləri doğru qiymətləndirmək və yüksək müştəri xidmətləri imkanı verəcək.

Yeni sistem Aqrar Kredit və İnkişaf Agentliyinə müvəkkil kredit təşkilatlarının kredit müraciətçiləri ilə işləməsinə nəzarət mexanizmi də təqdim edir. 

"Biz fermerlərə kredit təşkilatlarının imtina səbəblərini izləmək imkanı qazanacağıq. Belə ki, AzALES Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən mərkəzləşdirilmiş qaydada idarə ediləcək və ölkənin bütün maliyyə sektoru üçün əlçatan olacaq” – Mirzə Əliyev deyib.

"İqtisadi diversifikasiya strategiyasının bir hissəsi olaraq, kənd təsərrüfatını modernləşdirmək üçün Azərbaycan hökumətinə resurslar lazım olduğu zaman AzALES-in əhəmiyyəti böyükdür" - Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti yeni sistemin vacibliyini belə şərh edib


SON XƏBƏRLƏR