Yeni subsidiyalaşma mexanizmi: nələr dəyişdi?

04-09-2019 [22:10]
Firdovsi Fikrətzadə,

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin direktoru 

***

Dostlar, bildiyiniz kimi, aqrar sahənin (bitkiçilik üzrə) subsidiyalaşdırılması 2020-ci ildən etibarən köklü şəkildə yenilənmiş mexanizm əsasında həyata keçiriləcək. 

Artıq Aqrar Subsidiya Şurası 2020-ci ildə subsidiyaların verilməsi üçün bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb 

Yeni subsidiyalaşma mexanizmi ilə bağlı bəzi məqamları bildirmək istəyirəm:

1. Yeni mexanizm fermerlərin öz fəaliyyətlərini aqrotexniki normalara uyğun aparmalarını stimullaşdıracaq. Belə ki, əvvəl gübrə və pestisidlərin güzəştli satışına görə dövlət dəstəyi satıcı şirkətlərə (şəxslərə) ödənirdisə, indi bu vəsait yeni subsidiya əmsalı hesabına fermerə veriləcək, fermer bazardan istədiyi satıcı şirkətdən gübrə və pestisid ala biləcək. Fermerin hesabına köçürülən bu vəsaitin 25%-ni nağdlaşdırmaq mümkün olacaq, qalan vəsaiti fermer yalnız gübrə, pestisid, həmçinin sertifkatlı toxum almaq üçün və həm də köçürmə yolu ilə satıcı şirkətlərə köçürə biləcək.

2. Həmçinin yeni subsidiya əmsalları müxtəlif bitkilər üzrə aqrotexniki əməliyyatların xüsusiyyətləri, habelə məhsulun satışı ilə bağlı bazar şərtləri nəzərə alınmaqla differensiallaşdırılıb.

3. Yeni mexanizmlə subsidiyalaşma bütövlükdə Elektron Kənd Təsərrüfatı Sistemi (EKTİS) üzərindən aparılacaq. Bütün fermerlər, habelə gübrə, pestisid və sertifikatlı toxum təchizatçıları EKTİS-də qeydiyyatda olacaqlar. Fermer bir dəfə EKTİS-də qeydiyyatdan keçəndən sonra daha əvvəlki kimi hər il torpaq sənədinin kserosurətini təqdim etməyə ehtiyac olmayacaq, yalnız əkin apardığı məhsullar ilə bağlı məlumatı bəyan edəcək.

4. Fermerlər istəsələr özləri EKTİS vasitəsilə heç bir quruma müraciət etmədən əkin aparması ilə məlumatı sistemə daxil edib subsidiya üçün elektron ərizə yaza biləcək.

5. Daha bir məsələ, yeni qaydalara əsasən subsidiyaların şəffaflığına görə həm də fermer məsuliyyət daşıyacaq! Fermer əkin sahəsi ilə bağlı yanlış məlumatlara görə sanksiyaya məruz qalacaq.

Əslində, yeni mexanizmin yeniləkləri çoxdur, hər hansı bir əlavə suallar olarsa cavablandırmağa hazıram. 

Ölkəmizə, kəndimizə xeyirli-uğurlu olsun!


SON XƏBƏRLƏR