Jurnalistlərin 2-ci binasının sakinləri Prezidentə üz tutdu - Müraciət

04-09-2019 [16:17]
Jurnalistlər üçün tikilən ikinci binada ev alan media işçiləri prezident İlham Əliyevə müraciət ediblər. 

Xatırladaq ki, jurnalistlər üçün ikinci bina ilyarımdan artıqdır ki, istifadəyə verilib. Lakin mənzillərə hələ də çıxarış verilməyib. 

Dünən bunun səbəbləri barədə danışan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfirli bildirib ki, bu mənzillər xidməti ev kimidir. "O bina dövlətin əmlakıdır. Bina Əmlak Komitəsi tərəfindən bizim balansımıza verilməlidir, "kupça” təqdim olunmalıdır. Bu məsələni birinci olaraq, Fond sənədləşdirməlidir. Bundan sonra baxaq görək, o mənzillər hansı formada jurnalistlərə veriləcək. Jurnalistlərə birbaşa ev verilməyib axı. Bu, xidməti ev kimi bir şeydir”,- deyə icraçı direktor vurğulayıb

Onun bu açıqlamasından sonra həmin binada ev alan jurnalistlər mənzillərə çıxarış veriləcəyinə şübhə ilə yanaşmağa başlayıblar.

Jurnalistlərin müraciətini təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına

Bakı şəhəri, Səbail rayonu, Bibiheybət qəsəbəsi,

Yeni Salyan şossesi 22 ünvanda yaşayan jurnalistlər tərəfindən

M Ü R A C İ Ə T

Hörmətli cənab Prezident.

Sizin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli Sərəncamınız əsasında Bakı şəhəri Səbail rayonu ərazisində tikilmiş 255 mənzillik 2-ci binada mənzillə təmin olunmuş jurnalistlər olaraq Sizə bir daha öz dərin minnətdarlığımızı bildiririk. Sizin bu qayğınız nəticəsində kirayədə çətin vəziyyətdə yaşayan daha 255 jurnalist ailəsi (ümumilikdə 1000 nəfərə yaxın sakin) bu binada mənzilə sahib oldu və öz həyat şəraitlərini, yaradıcılıq imkanlarını yaxşılaşdırdı. Bu da öz növbəsində biz jurnalistlərin dövlətçiliyimizin güclənməsi, ölkəmizin inkişafı ilə bağlı tərəfinizdən aparılan daxili və xarici siyasətin mahiyyətinin əhaliyə çatdırılması, cəmiyyətimizin dünyada və ölkədə baş verənlər haqda məlumatlandırılması və maarifləndirilməsi istiqamətində daha fəal və effektiv işləməyimizə səbəb oldu.

Hörmətli cənab Prezident. 20 iyul 2017-ci il tarixdə binanın açılış mərasimində çıxışınız və bizimlə söhbətiniz zamanı mənzillərin mülkiyyət sənədlərinin (çıxarışlarının) qısa müddətdə verilməsi üçün müvafiq orqanlara tapşırıq verdiyinizi qeyd etdiniz. Lakin keçən 2 ildən artıq müddətdə bu çıxarışların veriməsi həyata keçirilməyib. 

Bu da bizim üçün əlavə problemlər yaradır- məsələn, çıxarış olmadığından mənzilə qeydiyyata düşə bilmirik, övladlarımızı məktəb və bağçalara, poliklinikalara qeydiyyata saldırmaq, yeni mənzilimizə vacib olan əşya və avadanlıqların alınması üçün banklardan kredit götürmək, həmçinin müxtəlif dövlət orqanları ilə hər hansı sənədləşmə əməliyyatları zamanı və s. hallarda bizdən yaşadığımız mənzildə qeydiyatda olmamız haqda çıxarış tələb olunur. Vaxtı bitmiş şəxsiyyət vəsiqəmizi dəyişmək istəyərkən bir çoxumuz respublikamızın qeydiyyatda olduğumuz uzaq bölgəsinə gedib-gəlməyə məcbur oluruq. Məsələnin həlli ilə bağlı müraciət etdiyimiz KİVDF və Əmlak Komitəsinin mövqeyi bizdə narahatlıq və anlaşılmazlıq yaradıb.

Hörmətli cənab Prezident.

Sizin ölkəmizdəki bütün sənədsiz evlərə və mənzillərə çıxarışların qısa müddətdə verilməsi haqda tapşırığınızın icrası indiyədək müxtəlif səbəblərdən evlərinin mülkiyyət sənədini ala bilməmiş yüz minlərlə vətəndaşın sevincinə səbəb olub. Belə ki, artıq on minlərlə ev sahibi mülkiyyət sənədini rahatlıqla əldə edib və bu proses sürətlə davam edir. 

Xahiş edirik ki, Sizin sərəncamınız əsasında mənzil almış jurnalistlərə də çıxarışların verilməsinin tezləşdirilməsi üçün müvafiq orqanlara göstəriş verəsiniz. Əvvəlcədən Sizə öz minnətdarlığımızı bildirir və xalqımızın, dövlətimizin mənafeyi uğrunda apardığınız bütün işlərinizdə uğurlar arzulayırıq.

Hörmətlə: Jurnalistlərin 2-ci binasının sakinləri

04.09.2019


SON XƏBƏRLƏR