Sentyabrın sonlarında IFC-nin vitse-prezidenti Bakıya gələcək

04-09-2019 [16:20]
Sentyabrın 25-də Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) vitse-prezidenti Hans Piter Lankes (Hans Peter Lankes) Bakıya gələcək. 

"Report”un məlumatına görə, iki gün davam edəcək səfər zamanı H.P.Lankes Azərbaycan hökumətinin iqtisadi komandasına daxil olan qurumların rəhbərləri ilə görüşməsi, müzakirələr aparması nəzərdə tutulub.

Bundan əlavə vitse-prezidentin Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) keçirəcəyi investisiyalara həsr edilmiş beynəlxalq konfransda da iştirakı gözlənilir.

Qeyd edək ki, H.P.Lankes 2017-ci ildən IFC-də iqtisadiyyatlar və özəl sektorun inkişafı üzrə vitse-prezidentdir.

Xatırladaq ki, Azərbaycan 1995-ci ildən IFC-yə üzvdür və bu vaxta qədər Korporasiya 72 layihə üzrə 500 mln ABŞ dolları civarında dövlət zəmanəti olmayan kredit ayırıb. Bu layihələrdən 56-ı uzunmüddətli layihələr olub. Həmçinin IFC özünün ticarətin dəstəklənməsi proqramı çərçivəsində 80 mln dollarlıq dəstək verib və Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinə isə 250 mln dollar kredit ayırıb.

Xatırladaq ki, Dünya Bankı Qrupuna daxil olan IFC "AGBank” ASC-də 4,2%-lik, "Access Bank” QSC-də isə 16,6%-lik paya malikdir.


SON XƏBƏRLƏR