Azərbaycanın Tokio olimpiadası üçün hədəflədiyi lisenziyaların sayı məlum olub

img

04-09-2019 [12:00]


Azərbaycan 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına ən azı 50 lisenziya hədəfləyib.

Bu barədə "Report"un Türkiyə bürosuna gənclər və idman naziri Azad Rəhimov məlumat verib.

"Gələn il həm Azərbaycanda, həm də xaricdə böyük idman yarışları, Bakı Olimpiya Stadionunda futbol üzrə 2020-ci il Avropa çempionatının 4 oyunu keçiriləcək. Bizim üçün çox vacib olanı isə Tokio olimpiadasıdır" deyən A.Rəhimov hazırda Azərbaycan idmançılarının müxtəlif təsnifat yarışlarında mübarizə apardıqlarını diqqətə çatdırıb: "Ötən həftə cüdoçularımız Yaponiya paytaxtındakı dünya çempionatında iştirak etdilər. Onlar medallarla yanaşı, olimpiadada iştirak üçün çox vacib olan xallar qazandılar. Qarşıda bizi yenə müxtəlif lisenziya turnirləri gözləyir. Belə düşünürük ki, "Tokio-2020"yə ən azı 50 idmançı ilə qatılacağıq. Onlardan, həmişəki kimi, böyük uğur və çoxlu medal gözləyirik".

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları 2020-ci ilin 24 iyul - 9 avqustunda keçiriləcək. Hələlik Tokio olimpiadasına 2 idmançı - atletikanın çəkicatma növündə Anna Skidan və üzgüçü Maksim Şemberev lisenziya qazanıb. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı 17 növdə 56 idmançı təmsil edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR