Fazil Məmmədov biznesinin başına döndü

img

03-09-2019 [17:55]


Bir müddət əvvəl keçmiş vergilər naziri Fazil Məmmədovun səhhətində ciddi problemlərin olduğu barədə məlumat yayılmışdı. 

Hətta sosial şəbəkələrdə onun Almaniyadan əməliyyatdan qayıdan zaman çəkilən fotosu da yayılmışdı. Həmin vaxt bildirilirdi ki, Fazil Məmmədov Almaniyanın "Heidelberg” xəstəxanasında mədəsindən əməliyyat olunub. 

Son günlər yenidən Fazil Məmmədov barəsində müxtəlif məlumatlar dolaşır. Bəzi iddialara görə, keçmiş nazir yenə də səhhətindəki problemlərlə məşğuldur. Lakin bunun əksi ifadə olunan məlumatlar da var.

 Fazil Məmmədovun yaxın çevrəsindən Modern.az-a daxil olan məlumata görə, keçmiş nazir yenidən bizneslə məşğul olmağa başlayıb.

Məlumatda deyilir ki, Fazil Məmmədov Almaniyada əməliyyatdan qayıtdıqdan sonra bir müddət Gəncə Beynəlxalq Hospitalında həkim nəzarətində olub. Özünü yaxşı hiss edən keçmiş nazir daha sonra Bakıya gəlib və bütün diqqətini yenidən "Synergy Group” MMC şirkətlər qrupuna yönəldib. 

Məlum olduğu kimi, "Synergy Group” MMC şirkətlər qrupu hələ Fazil Məmmədov nazir postundaykən rəsmi olmasa da, de-fakto ona məxsus idi.

2010-cu ildə təsis edilmiş "Synergy Group” MMC Azərbaycanda fəaliyyət göstərən ən iri özəl investisiya şirkətlərindən biridir.

"Synergy Group” MMC qeyri-neft sektorunda müxtəlif və inkişaf yönümlü şirkətlərdən ibarətdir.

"Synergy Group” istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar etməkdədir. Şirkətlərin böyük əksəriyyəti Bakıdan kənarda yerləşməklə, regionların sosial-iqtisadi inkişafında mühüm paya malik olduğu bildirilir.

2018-ci ilin əvvəllərində Gəncə Beynəlxalq Hospitalında tibb elmləri üzrə fəlsəfə doktoru İlyas Həsənovun nəzarəti altında müalicə alan Fazil Məmmədovun sonrakı müalicəsinin Türkiyədə davam etdirilməsi qərara alınmışdı. F.Məmmədov 2018-ci ilin iyununda ambulans təyyarə ilə Türkiyəyə aparılıb. O "American Hastahanesi”nin professorları Orhan Bilge və Mustafa Keremin nəzarətində olub. 

Müayinələr zamanı Fazil Məmmədovda pankreatit aşkarlanmışdı.

Sabiq nazir Türkiyədə olarkən, səhhətinin nisbətən stabilləşdiyi dövrlərdə məşhur "Çırağan Palace”da da dincəlib. Ötən ilin noyabrında isə Azərbaycana qayıdaraq Gəncə Beynəlxalq Hospitalında müalicəsini davam etdirmişdi. 

Qeyd edək ki, uzunmüddətli müalicə prosesindən sonra sağlığına qovuşan eks-vergilər naziri Fazil Məmmədovun səhhəti yenidən pisləşdiyindən bu ilin iyun ayında qastrit diaqnozu ilə Gəncə Beynəlxalq Hospitalına yerləşdirilmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR