Subsidiyalarla bağlı yenə qərar qəbul edildi: hansı fermerə nə qədər pul veriləcək? + Detallar

02-09-2019 [17:14]
Sentyabrın 2-də Prezident İlham Əliyevin 2019-cu il 27 iyun tarixli "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanına uyğun olaraq, 2020-ci ildən tətbiq ediləcək yeni subsidiya əmsallarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Mia.az xəbər verir ki, mətbuat konfransında Aqrar Subsidiya Şurası 2020-ci ildə bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarını, toxum və ting kvotalarını açıqlayıb.

Aqrar Subsidiya Şurasının üzvləri, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev, nazirliyin Dövlət dəstəyi şöbəsinin müdiri Bağış Əhmədov kənd təsərrüfatı məhsullarına veriləcək subsidiyaların miqdarı, mexanizmi barədə danışıblar.

Bildirilib ki, Aqrar Subsidiya Şurası Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq 2020-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib. Qərara əsasən, kənd təsərrüfatı bitkiləri üzrə baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği müəyyən edilib və cədvəl Kənd Təsərrüfatı Nazirliyinin saytında yerləşdirilib.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlara aid edilir:

- alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik, alça və badam bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;

- xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;

- limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;

- fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;

- əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.

Üzüm və intensiv meyvə bağları üzrə subsidiyalar 2019-cu ildən başlayaraq salınmış bağlara şamil ediləcək. Digər meyvə bağlarına görə əkin subsidiyası 1,2 əmsalı üzrə veriləcək. Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib.

Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.

Pambıq üzrə əkin əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil olunur, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilir.

Tütün üzrə əkin əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Fındıq üzrə əkin əmsalı Ağstafa, Balakən, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Şəki, Oğuz, Qusar, Qazax, Şabran və İsmayıllı rayonlarına şamil olunur, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul edilir.

Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilsin, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.

Aqrar Subsidiya Şurası emal müəssisələrinə təhvil verilən pambığın hər tonuna 100 manat, quru tütünün hər tonuna 50 manat, yaş tütünün hər tonuna 5 manat, şəkər çuğundurunun hər tonuna 4 manat subsidiya ödənilməsi barədə qərar qəbul edib.

Şura, həmçinin 2020-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (fermerlərə istifadələrində olan torpaq sahələrinin hər hektarına görə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.

Açıqlanan əmsallar üzrə subsidiyaların verilməsinə 2020-ci ildən başlanacaq. Gələn ildən subsidiyalar yalnız Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən veriləcək.


SON XƏBƏRLƏR