“Sumqayıt” "Neftçi" ilə oyunda baş verən dava ilə bağlı bəyanat yaydı

02-09-2019 [17:07]
"Sumqayıt” klubu Azərbaycan Premyer Liqasında III turun "Neftçi" ilə səfər oyununda baş vermiş insidentlə əlaqədar üzr istəyib.

Mia.az xəbər verir ki, bu barədə klub bəyanat yayıb: 

"Hər zaman ədalətli oyunun, qarşılıqlı hörmətin tərəfdarı olmuş, meydanda və meydandan kənarda şiddət və aqressiyanın yolverilməz olduğunu hesab etmişik. "Bakcell Arena”dakı "Neftçi” – "Sumqayıt” qarşılaşmasının son dəqiqələrində meydanda baş vermiş insidentə görə ölkə futbol ictimaiyyətindən üzr istəyirik" deyə rəsmi açıqlamada vurğulanıb. Klub bəyan edib ki, AFFA-nın müvafiq strukturunun məlum olayla bağlı çıxaracağı qərardan savayı, klub daxilində də detallı araşdırma aparılacaq və uyğun addımlar atılacaq.

O da vurğulanıb ki, "Sumqayıt” futbolun bir idman növü olaraq hörmət və ehtiram ("Respect") kimi təməl prinsiplər üzərində indiki inkişaf səviyyəsinə çatdığına və klubun hər bir üzvü bu prinsiplərə hər zaman əməl olunmasının vacibliyinə inanır: "Bu bəyanatla bir daha ölkə futbolundakı bütün rəqiblərimizə ehtiramımızı ifadə edir, "Hər şey Azərbaycan futbolu üçün!”

Qeyd edək ki, "Neftçi" - "Sumqayıt" matçının sonlarında iki komandanın üzvləri arasında toqquşma baş verib. Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.


SON XƏBƏRLƏR