Zərdabda üç nəfər işlədikləri idarədən oğurluq edib

02-09-2019 [15:05]
Zərdab rayonunda üç nəfər şəxs qabaqcadan əlbir olmaqla işlədikləri idarədən oğurluq ediblər.

"VOLTAJ Elektrik və Təmir Tikinti” idarəsinin rəhbərliyi avqust 31-də Zərdab Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək idarədən 1500 manat dəyərində əmlakın oğurlandığını bildirib.

Dərhal Zərdab RPŞ-nin əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində idarəyə məxsus elektrik naqillərinin orada işləyən Saatlı rayon sakini Alışov Nərman Əlifağa oğlu, İmişli rayon sakini Feyzullayev Sərraf Zahir oğlu və Zərdab rayon sakini Şirinov Akif Əkbər oğlu tərəfindən oğurlandığı məlum olub.

Belə ki, hər üç şəxs qabaqcadan əlbir olmaqla avqustun 29-da Zərdab rayon ərazisindən Zərdab-Ağcabədi avtomobil yolunun sağ tərəfində yerləşən ”Məlikli” adlanan yarımstansiyanın həyətindən gizlin olaraq qazanc əldə etmək üçün idarəyə məxsus elektrik naqillərini oğurlayıblar.

Oğurladıqları naqilləri isə 60 manata Zərdab rayon sakini Arazov Zöhrab Kərəm oğluna satıblar.

Zərdab RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər üç şəxs saxlanılaraq Zərdab Rayon Polis Şöbəsinə gətrilib. Dindirmə zamanı hər üç şəxs birlik olaraq elektrik naqillərini həmin işlədikləri idarədən oğurladıqlarını etiraf ediblər. 

Faktla bağlı araşdırma aparılır/Report.


SON XƏBƏRLƏR