AzTV və İTV-nin birləşmə məsələsi ciddiləşir - İddia və rəylər

img

01-09-2019 [21:05]


"AzTV ilə İTV-nin birləşdirilmə məsələsi aktuallaşıb".

Bu sözləri Mia.az-a AzTV-nin adının çəkilməsini istəməyən əməkdaşı deyib.

Onun sözlərinə görə, buna görə də AzTV-yə sədr təyinatı həyata keçirilmir.

Müsahibimiz bildirib ki, hazırda birləşdirmə söhbətini AzTV-nin hazırkı yüksək vəzifəli şəxsləri də dilə gətirirlər: "Bildiyiniz kimi, AzTV-nin sədri Arif Alışanov 15 yanvar 2019-cu ildə Prezidentin sərəncamı ilə vəzifədən azad edilib. O vaxtdan AzTV sədri vəzifəsinin icrası "Günün nəbzi" verilişinin aparıcısı Rövşən Məmmədova tapşırılıb. 

Sədr əvəzi o vaxtdan televiziyada bir çox eksprementlər həyata keçirib. Onlarla verilişi bağlayıb, yaxud birləşdirib. Xeyli adamları işdən çxıarıb, yeni işçilər qəbul edib. Əlbəttə, istər işdən çıxarılmalar, istər təyinatlar, istər qapanıb-açılan yeni verilişlər həm daxildə, həm də mətbuatda mübahisə və müzakirələrə səbəb olub. Əlbəttə, bu da təbiidir. Ancaq açıq demək lazımdır ki, müzakirə və mübahisələr Rövşən Məmmədov və onun yaxın ətrafını o qədər də qayğılandırmayıb. Əksinə, o, hətta söz-söhbətlərin şişidiyi məqamlarda özünün təyin etdiyi bir neçə nəfəri də işdən çıxarıb, yenisini təyin etməklə, cəmiyyətə sanki "Buranın sədri mənəm" mesajı verirdi. Ancaq son iki həftədə vəziyyət ciddi şəkildə dəyişib",

Müsahibimiz deyir ki, artıq AzTV-nin kluarlarında İTV ilə birləşmək məsələsi ciddi şəkildə aktuallaşıb: "Bu, əlbəttə, əvvəlki vaxtlardan fərqli olaraq, sədr əvəzinin yaxın ətrafını indi çox narahat etməyə başlayıb. Dediyim kimi, onlar iki həftə əvvələ qədər özlərini burada toxunulmaz və daha ötkəm aparırdılarsa, indi səksəkə içindədirlər. Həmçinin, sədr təyinatı ilə bağlı çəkincək davranırlar. Və AzTV ilə İTV-nin birləşdirilməsi məsələsi haqda müzakirələrə indi daha həssas yanaşırlar. Düzdür, onların arasında birləşdirilmiş televizyalara Rövşən Məmmədovun sədr təyin olunacağına inanlar var. Onlar deyirlər ki, Rövşən Məmmədovun sədr təyinatı haqda sərəncam da guya elə bu birləşdirmə söhbətinə görə ləngiyib".

Müsahibimiz AzTV-nin sədri postuna çox iddialıların olduğunu da istisna etməyib: "Hər halda kimin  sədr təyin edilməsinə Prezident qərar verir...

Amma onu deyə bilərəm ki, birləşdirmə məsələsi daha ciddi şəkildə önə çıxandan sonra Rövşən Məmmədov daha yenilikçi layihələr ortaya çıxarmağa çalışır. Sanki o, hər addımda "mən  burdayam, başqasını axtarmağa ehtiyac yoxdur", - görüntüsü verməyə can atır...".

Xatırladaq ki, AzTV-nin İTV-yə birləşdirmə söhbəti zaman-zaman gündəmə gəlib.

Hətta Prezident tərəfindən dövlət sektorunda optimallaşdırma və idarəetmənin təkmilləşdirilməsi, büdcə xərclərinə qənaət istiqamətində atılan addımlar baxımından bu məsələ daha da aktuallaşıb.

Bu barədə Milli İnternet Forumunun prezidenti Osman Gündüz də açıqlama verərək, təəssüflənib ki, İTV indiyədək gözləntiləri doğrultmayıb: "Yeni rəhbərlik gələndən, Yayım Şurası yenilənəndən sonra sadəcə "Xəbərlər" proqramına və studiyalara bir az əl gəzdirilib. Vəssalam.  Qanunvericiliklə İTV qarşısına qoyulan vəzifələrin icrası və prinsiplərə əməl edilməsi sahəsində ciddi problemlər qalmaqdadır.  Plüralizm prinsipinə əməl etmək isə, ümumiyyətlə, yaddan çıxıb. Hərdən mənə elə gəlir ki, AzTV bu baxımdan daha öndədir”.

O.Gündüz qeyd edib ki, hazırda dövlət başçısı tərəfindən aparılan islahatlara dəstək baxımından ciddi müzakirələrin aparılması, aktual polemikaların təşkili, maraqlı tərəflərin iştirakı ilə diskussiyaların aparılmasına ehtiyac var:

"Parlamentin, vətəndaş cəmiyyətinin və biznes sektorunun bu islahatlarda iştirakı və dəstəyi, verə biləcəyi töhfələrlə bağlı efirdə faydalı bir şey tapmaq çox çətindir. Təəssüf ki, bu tip müzakirələr hələlik yalnız sosial mediada aparılır...”.

Onu da qeyd edək ki, avqustun 29-da İctimai Televiziyanın (İTV) yaranmasından 14 il keçib. 

Xatırladaq ki, İTV 2005-ci ilə avqustun 29-da prezident İlham Əliyevin 5 noyabr 2004-cü il tarixli Fərmanına əsasən yaradılıb. 

Həmin Fərmana əsasən, Azərbaycan dövlət televiziyasının 2-ci kanalı və Azərbaycan dövlət radiosunun 1-ci kanalı bütün əmlakı və avadanlığı ilə birlikdə İTV-nin Yayım Şurasına verilib.

İTV-nin Yayım Şurası 9 üzvdən ibarətdir. Şuranın sədri Cahangir Məmmədlidir. İTV-nin baş direktoru Yayım Şurası tərəfindən 4 ildən bir seçilir. Teleradionun ilk baş direktoru İsmayıl Ömərov olub. 2013-cü ildə isə Yayım Şurası bu vəzifəyə Cəmil Quliyevi seçib. 2018-ci ildə isə Cəmil Quliyevi Balakişi Qasımov əvəzləyib. 

İTV-nin 14 illik fəaliyyətinə nəzər salan media hüququ üzrə ekpert Ələsgər Əhmədoğlu bildirib ki, bu teleradio yaradılanda həm cəmiyyətdən, həm beynəlxalq qurumlardan ölkədə əsl ictimai yayımın formalaşacağı ilə bağlı böyük gözlənti olub.

"İctimai yayımın fəlsəfəsi hökumətin yox, cəmiyyətin yayımı olmasında idi”, - deyə ekspert vurğulayıb. 

Ələsgər Əhmədovlu daha sonra bildirib: "Başlanğıcda müəyyən cəhdlər oldu və hətta bu istiqamətdə özünü sübut etmə addımları da müşahidə olundu. Sonradan bütün ümidlər öldü. Xüsusilə Cəmil Quliyevin sələfi İsmyıl Ömərovun İctimai Yayımın Direktorluğu kürsüsünə oturması ilə İTV hətta ən çox tənqid edilən AZ TV-nin də gerisinə düşdü. Cəmil Quliyev öz yerini Balakişi Qasımova tərk etməsi görüntünü dəyişmədi. Bütün ümidlər ölüb. Ölkədə İctimai yayım mövcud deyil. Eyni adda yayım mövcud olsa da, ictimai yayım mahiyyətində teleradio yoxdur. 

Bəs bu dövrdə bizim itirdiyimiz sadəcə ümidlərimizmi olub? 

Təəssüf ki, itkilər həm də maddi olub. İctimai Yayımın yaradılmasından bu günədək dövlət büdcəsindən tam 204,5 milyon ABŞ dolları (yəni bu günün kursu ilə 347 milyon 813 min manat) vəsait əridilib. 

Bu 347,8 milyon manat cəmiyyətin büdcəsindən məqsədinə uyğun xərclənməmiş vəsaitdir. Çünki, bu yayım hökumətə yox, cəmiyyətin bütün təbəqələrinə xidmət etməli idi. 

Bu 347,8 milyon manatın 136,7 milyon manatı İsmayıl Ömərovun 8 illik dönəmində, 164,8 milyon manatı Cəmil Quliyevin 5 illik dönəmində, 24,65 milyon manatı isə Balakişin Qasımovun dönəmində xərclənib”.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR