Araşdırmaçı jurnalistin yerini kimlər öyrənmək istəyib? - Cavanşir Həsənlidən bəyanat

28-08-2019 [17:20]
Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsnlinin həyatına təhlükə var. 

Mia.az xəbər verir ki, bu barədə jurnalistin özü məlumat yayıb. Cavanşir Həsənli bildirib ki, Almaniyadakı azərbaycanlılar arasında onun fotoları paylaşılır və yerini müəyyənləşdirməyə çalışırlar:

"Bu son günlərdə 1 saylı notarial kontorunun xüsusi notariusu Famil Sabitov və Almaniyada 554 mənzil satmış azərbaycanlı şirkət rəhbəri Nasir Mustafazadə ilə bağlı araşdırmalardan sonra baş verib. 

Hər hansı xoşagəlməz hadisə baş verərsə, buna görə ilk növbədə adları çəkilən şəxslərin məsuliyyət daşıyacaqlarını bəyan edirəm. Beynəlxalq təşkilatlarla əlaqəsi olan dostlardan məsələni onların diqqətinə çatdırmalarını xahiş edirəm”, - jurnalist bildirib.

Cavanşir Həsənli qeyd edib ki, məsələ ilə bağlı yerli polisə müraciət edib: "Təhlükəsizliyimə görə Avropanı tərk etmək məcburiyyətində qaldığımı bildirmək istəyirəm. Ümid edirəm, Azərbaycan ictimaiyyəti və hüquq mühafizə orqanları bu məsələni diqqətdə saxlayacaqlar.

Almaniyada yaşayan azərbaycanlılardan kimə mənim şəkillərim göndərilibsə, məlumat vermələrini xahiş edirəm”.

Cavanşir Həsənli dostlarından bu məlumatı sosial şəbəkədə daha çox paylaşmalarını xahiş edib.


SON XƏBƏRLƏR