Azərbaycan millisinin müdafiəçisi: "Uels və Xorvatiyadan xallar qazana bilərik"

img

28-08-2019 [14:42]


"Şablon səslənsə də, hər bir futbolçunun arzusu milli komandaya dəvət almaqdır. Bu, mənə də qismət olur. Qarşıda çox vacib və ağır oyunlarımız var. İndi onlar barədə düşünmək lazımdır".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinə növbəti dəfə dəvət alan "Səbail"in futbolçusu Şəhriyar Rəhimov deyib. 30 yaşlı müdafiəçi bildirib ki, AVRO-2020-nin seçmə mərhələsindəki növbəti rəqibləri Uels və Xorvatiyanın Azərbaycan yığmasından üstün olduqları hamıya bəllidir: "Biz nəyinsə hesabına və layiqli mübarizə aparıb xallar qazana bilərik. Bunun üçün çalışacağıq və bacardığımızı edəcəyik. Əvvəlki matçlarda məğlub olmuşuq. Kimə qarşı oynadığımıza baxmayaraq, hər kəs bizdən nəticə gözləyir. Ən azı, yaxşı oyuna və mübarizəyə ümid edirlər. Ona görə də belə məsuliyyətin altında çalışmaq lazımdır və elə etməliyik ki, xal qazanaq".

Rəhimov deyib ki, oyunlar barədə fikir bildirəndə də real danışmaq lazımdır: "Hamı istəyər ki, iki oyuna 6 qazanaq. Bunu, kim istəmir ki? Amma real yanaşmaq lazımdır. Uelslə səfərdə oynayırıq. Sonra isə güclü Xorvatiyaya qarşı evdə meydana çıxacağıq. Mübarizə aparmağa və sürpriz etməyə çalışacağıq".

Müdafiəçi seçmə mərhələni xalsız başa vurmaq istəmədiklərini sözlərinə əlavə edib: "Əlbəttə, bunu heç kim arzulamaz. İnanıram ki, yığma üçün belə fiasko baş verməyəcək. Bunu bəhanə üçün demirəm, amma biz 5 komandanın olduğu qrupda yer almışıq. 6-cı səbətdən komanda düşəndə xal qazanmağı bacaracağımızı bilirdik. Amma bəxtimizdən, 5 komandanın olduğu qrupda yer aldıq. Bu da bizə təsir edir. Xal qazanmaqda çətinlik çəkirik. Digər 4 yığma həm futbolçu, həm də oyun səviyyəsi baxımından bizdən üstündür. Həmin komandalar AVRO-2020-nin final mərhələsinə qatılmaq istəyirlər. Xorvatiya isə son dünya çempionatının finalçısıdır. Qrupda hamı Xorvatiyanı favorit görsə də, onlar da xallar itirir. Qrupumuz çox çətindir. Demək olar ki, rəqiblər eyni səviyyəli komandalardır".

Qeyd edək ki, Azərbaycan millisi Uelslə sentyabrın 6-da Kardiffdə, Xorvatiya ilə isə sentyabrın 9-da Bakıda qarşılaşacaq.  

Digər xəbərlər
SON XƏBƏRLƏR