Büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyən vəzifəli şəxslər cəzalandırıldı

27-08-2019 [15:19]

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən cari ilin birinci yarısında aparılan nəzarət tədbirləri nəticəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyinə görə 756,8 min manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, təqsirkar şəxslər hesabına həmin vəsaitin 299,9 min manatının bərpası təmin olunub, digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Nazirlik xəbər verir ki, bu ilin birinci yarısında, dövlət büdcəsindən maliyyələşən 2 rayon icra hakimiyyətinə, 1 şəhər sahə ərazi nümayəndəliyinə, 1 təhsil müəssisəsinə, 2 məhdud məsuliyyətli cəmiyyətə, eyni zamanda, bir neçə şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi üzrə nəzarət tədbirləri həyata keçirilib.

Nəzarət tədbirləri çərçivəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun inzibati protokollar tərtib edilib, həmin məcəllənin 410.1-ci və 410.2-ci maddələrinə uyğun olaraq 21 vəzifəli şəxsə ümumilikdə 20,5 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub/Report.



SON XƏBƏRLƏR