Beynəlxalq Bankla bağlı qalmaqal: “Şöhrət” ordenli Vasif Bağırov niyə işdən çıxarılıb?

27-08-2019 [14:47]
"Şöhrət” ordeni ilə təltif olunmuş, Prezident təqaüdçüsü, əməkdar müəllim Sona Tağıyevanın oğlu Vasif Bağırov 17 il müxtəlif vəzifələrdə işlədiyi "Azərbaycan Beynəlxalq Bankı” ASC-dən qanunsuz olaraq çıxarılıb. 

"Yeni Sabah” xəbər verir ki, Vasif Bağırov bu barədə Prezident İlham Əliyevə ünvanladığı müraciətdə yazıb. O müraciətin bir surətini də redaksiyamıza yollayıb. 

Vasif Bağırov yazır ki, 1992-ci ildən "Azərbyacan Beynəlxalq Bankı” ASC-də müxtəlif vəzifələrdə çalışıb. İşinin öhdəsindən layiqincə gəlib və hər hansı inzibati tənbeh cəzasına məruz qalmayıb. 

25 oktyabr 2017-ci il tarixdə isə səhhəti ilə bağlı xəstəxanada müalicə alarkən ona məlumat verilmədən və heç bir hüquqi əsas olmadan Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) ilə işdən azad olunub:

"Mənə bu barədə məlumat telefon vasitəsilə verilib. Əmrin surətini və işdən azad olunmağımın əsaslarını soruşsam da, bu barədə mənə məlumat, əmrin surəti verilməyib. 

Dəfələrlə müraciətlər etmişəm, müraciətimə 70-ci maddənin "ç” bəndi ilə işdən azad olunduğumu bildiriblər. Mən bundan qəti imtina etdim. Bundan sonra rəhbrəlik Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndinin tam əsassız və qanunsuz olduğunu dərk edərək Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi (Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi) olunmağıma dair əmr tərtib edib və bu barədə Dövlət Sosial Müdafiə Fonduna rəsmi məlumat verilib”.

Vasif Bağırov yazır ki, işdən azad olunması barədə ərizə yazmayıb və belə niyyəti də olmayıb. "Fiziki cəhətdən tam sağlamam. Ailəmdə məndən başqa qazanc gətirən yoxdur. Eyni gündə tam fərqli, əsassız və qanunsuz əmrlər verilməklə hüquqlarım sifarişli olaraq pozulub”,- Vasif Bağırov bildirir.

Onun sözlərinə görə, məsələ ilə bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Cavabdeh tərəf isə qanunsuzluğunu ört-basdır etmək üçün öyrədilmiş şəxsləri şahid qismində məhkəməyə gətirib:  

"Onların izahatları ilə həqiqətə uyğun olmayan, şər, böhtan xarakterli, nüfuzuma xələl gətirən informasiya mühiti yaratmağa çalışıblar. İşdən azad olunmağımla bağlı Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndinin hüquqi əsaslarına dair hər hansı sübut növü olmayıb, cavabdeh tərəf işdən azad olunmağımın əsaslarının nədən ibarət olduğunu göstərə bilməyib. 

Bir daha məhkəmə iclasında müəyyən olunub ki, bank işçisi olaraq adıma ləkə gətirə biləcək hərəkətlərə yol verməmişəm, iş prinsiplərinə sadiq olmuşam, müqavilə öhdəliklərini layiqincə yerinə yetirmişəm. İşdən azad olunmağıma dair rəsmi ərizə ilə rəhbrəliyə müraciət etməmişəm”. 

Lakin bütün bunlara baxmayaraq, Nəsimi Rayon Məhkəməsi Vasif Bağırovun iddiasını təmin etməyib. Apellyasiya Məhkəməsi də birinci instansiyanın çıxardığı qətnaməni qüvvədə saxlayıb. İş hazırda Ali Məhkəmədə hakim İqbal Dəmirovun icraatındadır. 

Vasif Bağırov bildirib ki, işə avqustun 30-da baxılacaq. Şikayətçi daha sonra yazır: "Ümumiyyətlə, məhkəmələr tərəfindən Məcəllənin 70-ci maddəsinin "ç” bəndinin "əsasları” kimi cavabdeh təşkilatda çalışan, rəhbərlikdən xidməti asılılığı olan şəxslərin dindirilmələri, mənə qarşı sifarişli olaraq şər-böhtan xarakterli izahatlara qiymət vermələri aidiyyati olmayan əsaslardır. Çünki rəsmi olaraq mən 70-ci maddənin "ç” bəndi ilə deyil, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a” bəndi ilə (guya öz ərizəmlə) işdən azad olunmuşam. Amma belə bir ərizə də yoxdur. Xidməti asılılıqda olan şəxslərin mənə qarşı həqiqətə uyğun olmayan, mübahisələndirilən əmrə aidiyyati olmayan izahatları və qarşı tərəfin yalnız "bu sübutlarla” məhkəməyə təsir etmək və buna nail olmaları kobud qanun pozuntularıdır. 

Bu həm də dövlət başçısının məhkəmələr qarşısında qoyduğu tələblərə, prinsiplərə ziddir. Odur ki, hazırki vəziyyətdə müraciətim xüsusi nəzarətə götürülməli, pozulmuş hüquqlarım bərpa olunmalı, işdən azad olunmağıma dair qanunsuz əmr ləğv edilməli, məcburi işburaxmaya görə əmək haqqım ödənilməlidir və əvvəlki iş yerimə bərpa olunmalıyam. 

Bir daha qeyd etmək istəyirəm ki, mənə qarşı kobud qanun pozuntuları ilə xarakterizə olunan bu əməllər qərəzli və sifarişlidir. Uzun müddət qüsursuz çalışan işçini çörəklə imtahan etmək, dövlətdən narazı salmaq, bütöv ailəni çətin vəziyyətə salmaq ədalətsizlik, vətəndaşın mənəviyyatına, maddi rifahına qəsddir. 

Odur ki, bir daha mövcud vəziyyəti, faktiki halları nəzərə alaraq müraciətimin xüsusi nəzarətə götürülməsini, pozulmuş hüquqlarımın bərpa olunmasını, barəmdə olan əsassız və qanunsuz əmrin ləğv edilməsini, məcburi işburaxmaya görə əmək haqqımın ödənilməsini xahiş edirəm”.

Yenisabah.az


SON XƏBƏRLƏR