"İran Birləşmiş Ştatlarla danışıq aparmayacaq" - Ruhani şərt irəli sürdü

27-08-2019 [13:19]

Vaşinqton Tehrana qarşı bütün sanksiyaları qaldırmayınca, İran Birləşmiş Ştatlarla danışıq aparmayacaq.

Bunu İran Prezidenti Həsən Ruhani deyir.

Bir gün öncə ABŞ Prezidenti Donald Tramp iranlı həmkarıyla "münasib” vaxtda görüşə açıq olduğunu demişdi.

Avqustun 27-də dövlət televiziyası ilə canlı yayımlanan çıxışında Ruhani deyib ki, İran danışıqlara hazırdır, "əvvəlcə Birləşmiş Ştatlar İrana tətbiq olunmuş qanunsuz, ədalətsiz sanksiyaların hamısını qaldırmalıdır”.

Ruhani ölkəsinin "heç vaxt nüvə silahı istəmədiyini” bir daha vurğulayıb. Prezident bildirib ki, "maraqlarımız təmin olunmasa, 2015-ci il nüvə sazişi çərçivəsində öhdəliklərimizi məhdudlaşdırmağa davam edəcəyik”.

Vaşinqton ötən il İranla 2015-ci il nüvə sazişindən çıxaraq Tehrana sanksiyaları bərpa edib. O vaxtdan Avropa liderləri İranla ABŞ arasında dərinləşməkdə olan qarşıdurmanı yumşaltmağa çalışırlar. Ancaq İran nüvə sazişi öhdəliklərinin bəzilərini azaldıb.

Donald Tramp Avqustun 26-da Böyük Yeddilərin Biarritzdə keçirilən sammitində deyib ki, "münasib və düzgün” şərait olarsa, İran prezidenti Həsən Ruhani ilə görüşə razı ola bilər. Tramp İranın nüvə silahına və ballistik raketlərə malik olmasını istəmədiyini dilə gətirib.

Bundan əvvəl İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə söhbətinin ardınca Fransa prezidenti Emmanuel Makron ümid etdiyini bildirmişdi ki, bu danışıqların əsasında "biz qarşıdan gələn həftələrdə prezidentlər Tramp və Ruhani arasında sammitin baş verməsinə nail ola bilərik”. (azadliq.org)



SON XƏBƏRLƏR