2019–cu il MİQ müsahibəsindən müşahidə və qənaətim...

img

27-08-2019 [00:31]


Vahid Tağıyev,

İmişli rayon Təhsil Şöbəsinin müdir müavini

***

Statistik məlumata görə, 19 -23 avqust tarixində keçirilən müsahibələrdə 3292 nəfər namizəd iştirak edib. İmtahan nəticələri barədə məlumat yaxın günlərdə namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

İkinci dəfədir ki, MİQ müsabiqəsinin müsahibə mərhələsində komissiya sədri kimi iştirak edirdim. Proses ilk növbədə həyəcanlı və qürurverici bir hadisədir. Təhsilimizin inkişafı və gələcəyi üçün bu kimi məsələlər mahiyyət etibarilə böyük amallara hesablanmış, məqsədyönlü tədbirlərdir. 

Bunlar təhsil sistemində ən böyük obyektivlik və şəffaflıq nümunəsidir. Təsadüfi deyil ki, son 4-5 ildə ümumtəhsil məktəblərində müəllimin keyfiyyət tərkibi əsaslı şəkildə yaxşılaşıb. Hər il müəllimlərin işə qəbulu qaydaları şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilərək hazırkı arzuolunan səviyyəyə gəlib çatmışdır. 

Yaxşı bir müəllimin şagirdi olmaq hər kəsin həyatında, taleyində ümidli, güvənilən və təkrarsız izlər qoyur. Bunun əksinə, təsadüfi birinin müəllim sırasına qoşulması isə övladlarımızı mənəvi cəhətdən şikəst edir. Həmin bir nəfəri müəyyən etmək və uzaqlaşdırmaq üçün gələcək nəsillər naminə belə müsahibələri keçirməyə dəyər. 

Müsahibələrdən müşahidə və qənaətim:


 1.  İşə qəbulda hər il artan güclü rəqabət mühiti namizədlərin öz hazırlıqlarını daha da yüksəltməsinə və nəticədə ən yaxşıların seçilməsinə şərait yaradır. Bu baxımdan müəllim olmaq istəyənlər bu il müsahibəyə məsuliyyətlə hazırlaşmışdı. İxtisasları üzrə bilik səviyyələri kifayət qədərdir. Axı, onlar müvafiq keçid balını qazanaraq bu mərhələdə iştirak edirdi. Bəzi istisnaları çıxmaqla, daha xoş təsir bağışlayan o idi ki, namizədlərin böyük hissəsi çox anlayışlı, mühakiməli, nəzəri cəhətdən uşaqlarla işləməyə hazır olan, həyatda ideal müəllim obrazı haqqında xəyallar quran vətənpərvər gənclər idi. Xüsusilə, onların ünsiyyət, davranış mədəniyyəti yüksəkdir.

Namizədlər arasında uğurlu pedaqoji təcrübədən keçənlər dərs prosesinin təşkili haqqında daha çox məlumatlı idi. Odur ki, tələbələrin peşə təhsili alma illərində nəzəriyyə ilə praktik təcrübə daha sıx əlaqələnməlidir. Müsahibədə hər bir namizədin seçdiyi ixtisas, pedaqoji, eləcə də metodiki bilikləri ilə yanaşı, psixoloji vəziyyətini də qiymətləndirirdik. 

Müsahibə komissiyası olaraq biz dünyagörüşü, psixoloji hazırlığı, xarakterik xüsusiyyətləri qənaətbəxş olmayan, bilik səviyyəsi aşağı olanları da müəyyənləşdirdik. Müxtəlif parametrlərdən yanaşıldıqda uşaqlarla işləməyə, hələ müəllim olmağa hazır olmayanların müsahibədən keçməsini məqsədəuyğun hesab etmədik. Bütövlükdə isə komissiya üzvləri müsahibəyə gələnlərin həyəcanını azaltmaq, onların özlərini sərbəst şəkildə ifadə etməsinə çalışırdı. Nəticə etibarilə inanıram ki, müəllim adını qazanacaq namizədlər təhsilimizin inkişafına yetərincə töhfə verəcəklər!

 2.   İnsan Resursları Mərkəzi aparılan tədbirin böyük miqyası fonunda çox kiçik bir komanda ilə qeyri-adi fədakarlıq və yüksək təşkilatçılıq nümayiş etdirdi. Müsahibənin gedişində məsuliyyət, səmimiyyət və rahatlıq bir-birini tamamlayırdı. Murad Camalzade və onun bir neçə nəfərdən ibarət təşkilatçı qrupunun (Suqra Quliyeva və b. ) əməyi xüsusi qeyd olunmalıdır.

3. Təhsil nazirimiz Ceyhun Bayramov başda olmaqla rəhbərliyin prosesə yüksək diqqəti, müsahibənin təşkili və gedişinə nəzarəti göz önündə idi. Nazir müavini Məhəbbət Vəliyeva, şöbə müdiri Eşqi Bağırovun və digər məsul insanların qayğısını müşahidə etdik. Müsahibənin gedişi göstərirdi ki, Təhsil Nazirliyinin obyektivlik və şəffaflıq mövqei, kadrların seçiminə prinsipial yanaşması daimiləşən, dönməz fəaliyyət formasına çevrilib. Bunu duymaq ədalət axtarışlı xəyallarımızın reallaşması kimi mənəvi bir zövq verir, sabaha inamımızı daha da artırır...

4.  Müsahibə komissiyasının sədrləri RTŞ və ümumtəhsil məktəbləri rəhbərləri arasından seçilmişdir. Bu mövqe, yerli idarəetmə orqanlarına nazirliyin inamının artmasl və məsuliyyətin onlarla bölüşməsi anlamında təhsil ictimaiyyətinə ciddi bir mesaj kimi qəbul edilməlidir. Harada işləməyindən asılı olmayaraq obyektivlik və şəffaflıq tərəfdarısansa, Təhsil Nazirliyi sənin yanındadır. Dəyər və nüfuz sahibi olmağın yolu ədalətli olmaqdan keçir. Bu etimad, həm də komissiya üzvlərinin üzərinə böyük məsuliyyət qoyur.

 5.  Müsahibənin gedişi göstərdi ki, prosesə məktəb psixoloqlarının cəlb edilməsi doğru bir yanaşmadır. Cəmiyyətin hazırkı inkişaf mərhələsində, geniş informasiya bolluğu, əsəbi, stres həddə çatan halların çox müşahidə olunduğu bir zamanda yaşayırıq. Müasir müəllimdən hərtərəfli dünyagörüş, daha geniş psixoloji hazırılq və bu sahədə lazımı qədər hərtərəfli məlumatlılıq tələb olunur. 

Tam məsuliyyətlə deyə bilərəm ki, müsahibəyə gələn gənclərin bir hissəsi bu məsələdə təcrübəli müəllimlərlə müqayisə edilə biləcək qədər yanaşma tərzinə və müəyyən yaradıcı düşüncəyə sahib olduqlarını göstərdilər. Əlbəttə, namizədlərin bir hissəsi təcrübə prosesində daha da mükəmməlləşəcəkdir. Ancaq, onların bu məsələdə məsuliyyətini dərk etməsi, mövzuya anlayışlı yanaşması xoş təsir bağışlayırdı... 

Gələcəkdə məktəb psixoloqlarının bilik və bacarığının məqsədyönlü istiqamətdə təkmilləşdirilməsi və təhsil prosesinə onların daha geniş cəlb edilməsi zamanın tələbidir. Bu sahədə gecikirik.

6.  Müşahidə və faktlar göstərir ki, müsahibəyə cəlb olunmuş qabaqcıl, inanılmış təhsil işçilərinin, təhsili idarə edənlərin belə tədbirlərdə bir araya gələrək bir-birini daha yaxından tanıması, onlar arasında əməkdaşlıq və qabaqcıl iş təcrübəsi mübadiləsinə çevrilir. Şəxsən mən uzun illər ərzində obyektivliyinə inandığım bir çox təhsil işçisini müsahibədə görəndə, Təhsil Nazirliyinə qarşı qəlbimdə bir daha dərin minnətdarlıq hissi keçirdim.

Qeydlərimin sonunda yaxın günlərdə elan olunacaq qaliblərə uğurlar arzu edirəm! Çox az sayda müsahibədən keçməyən namizədlərə isə bəri başdan məsələyə anlayışlı yanaşmalarını, öz üzərlərində işləməklə növbəti mərhələlərdə uğur qazanmalarını tövsiyə edirəm!

Əziz həmkarlar! 

Azərbaycanda təhsilin inkişafı ilk növbədə müəllim seçiminin düzgün aparılmasından asılıdır. Hər birimiz qürur hissi keçirməliyik ki, Təhsil Nazirliyi məhz bu yolu tutmuşdur. 

Hər kəsə şəxsi həyatında və şərəfli peşə fəaliyyətində uğurlar diləyirəm!

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR