Teleaparıcı AzTV rəhbərliyini topa tutdu: "Harada tərbiyəsiz varsa, onu işə götürürlər"

26-08-2019 [22:07]
Tanınmış teleaparıcı  Elçin Əlibəyli  sosial şəbəkədə  "AzTV” telekanalını sərt tənqid edib. 

Mia.az xəbər verir ki, dövlət Televiziyasını "Əxlaqsızlıq yuvası” adlandıran aparıcı, məsələnin detalları ilə bağlı "Yeni Sabah”a açıqlama verib:

"Mən bu videonu bir müddət öncə paylaşmışdım. Və daha sonra Murad Arifin "Youtube” vasitəsi ilə yayımlanan "Popumuz var” adlı verilişində  televiziyadakı qüsurlardan danışarkən  dedim ki, "Mədəniyyət kanalında əgər Van Qoq kimi tanınmış rəssamın adını düzgün tələffüz etmirlərsə, "Van Qonq” deyirlərsə, bu, yolverilməzdir. 

Adam "impressionizm” sözünü düzgün tələffüz edə bilmir. Mədəniyyət kanalı belə olmamalıdır”. 

İndi həmin şəxs bir daha öz mədəniyyətini nümayiş etdirərək, mənim şəxsi telefonuma zəng edib söyüşlərlə, təhqirlərlə, aşağılayıcı ifadələrlə mənim ünvanıma böhtanlar yağdırdı. Təbii ki,  mən təəccüblənmirəm. Çünki AzTV-də artıq bu normaldır, son dövrdə harada tərbiyəsiz varsa, onu işə götürürlər. 

Bu da onun parlaq nümunəsidir. Mən də ona görə paylaşdım ki, onlar elə bilməsinlər qarşılarındakı susub duracaq. Təhqirə təhqirlə də cavab alacaqlar, məhkəmə ilə də cavab alacaqlar. Özü də çox pis formada!  

Və konkret olaraq həmən şəxsi də məhkəməyə verəcəyəm, səs yazısı da məndədir. O səs yazısını da yayacağam. Onun haqqında mənim əlimdə kifayət qədər faktlar var, elə biabırçı faktlar var ki, həmən şəxsin həyatında olan məsələlərə nəzər yetirsək efirə çıxmağa mənəvi haqqı yoxdur. Xüsusən də dövlət televiziyasında. 

Bu məsələni hazırda hüquqşünasla məsləhətləşirəm  və təbii ki, hüquqi müstəvidə də həll edəcəyik. Bu AzTV-yə də, onun Mədəniyyət kanalına da ucuz başa gəlməyəcək. Heç kim icazə verməyib ki, onlar dövlət televiziyasıdırsa, mənim üstümdə qoçuluq etsinlər. Mən televiziya tənqidçisiyəm, 2005-ci ildə sənətşünaslıq üzrə fəlsəfə doktorluğunu müdafiə etmişəm, televiziya sahəsində 4 kitab (televiziya tənqidi ilə bağlı)  və 47 elmi məqalə müəllifiyəm. Hamısı da xaricdə çap olunub. 

Bu adam əgər adi bir tənqidə təhqirlə cavab verirsə, demək, ona xüsusi icazə verən AzTv-nin rəhbərliyidir.  İndi rəhbərliyinə də mən savaş  açacam. Görək, bu nə məsələdir və təbii ki, ölkə rəhbərliyinə də müraciət edəcəyəm ki, bu məsələdə həqiqətən də ciddi kadr dəyişikliyi etməyin vaxtı çatıb. Bu, yoldan ötənlərin AzTV-ə doldurulmasının məntiqi nəticəsidir”.



SON XƏBƏRLƏR