Ali təhsilsiz ali “dəyər”lərdən danışanlar...

26-08-2019 [13:09]
Samir FEYRUZ 

***

Kənddə qonşulardan biri o biri qonşusunu səsləyir:

-  Ay Əhməd, meşəyə odun gətirməyə gedirəm. Bir eşşək, bir adam ver, bizimlə getsinlər, sizə də odun gətirək.

-  Yaxşı, ay Məhəmməd kişi, gedəndə xəbər elə.

Məhəmməd kişi hazırlıqlarını görür və oğluna deyir ki, get qonşu Əhməd kişiyə de ki, meşəyə gedirik, ona bir eşşək, bir də adam demişdim, nə oldu bəs, göndərsin də. Uşaq Əhməd kişini səsləyir?

-   Ay Əhməd əmi!

-  Hə, a bala! 

-  Atam deyir ki, meşəyə gedirik, ona eşşək, bir də adam demişdim, nə oldu?

Əhməd kişidən səs çıxmır, uşaq xeyli gözləyir, bir də səsləyir. Xeyli müddət sonra Əhməd cavab verir:
-   A bala, atana denən ki, bizdən eşşək olacaq, amma adam olmayacaq.

Kəsəsi, Don Kixotun azərbaycanlı davamçılarına, Drayzerin gecə qatarında yarıçılpaq şəhərə qaçan, qatar getdikcə də, şəhərə tez çatmaq üçün özü də qatarın içində qaçan peyinbaş fırıldaqçının ruh qardaşlarına gətirirəm sözümü... Dəfələrlə deyilmişdi ki, ay mühacirlər, dövlət adamlarının ailə-uşağını söyməyin! Çifayda.., qədirbilməzə nə qədir!? 

Lənətə gəlmiş Qərbin mənəviyyatı hörüklənmiş siyasi liderləninin əndrabadi "demokratiya” nağılları, sonu gözlənilməz nəticə ilə bitən novellaları gözünüzü bağladı, nə bağladı. İngiltərənin baş naziri o zırpılıqda Fransanın prezidenti Makronla görüşdə ayağını qaldırıb masanın üstünə qoydu. Bu, zarafat təsiri də bağışlamırdı, İngiltərənin bayrağında xoruz əks edilmiş Fransanı "toyuqlaşdırmaq” cəhdi də deyildi, demokratiyaya atılan təpik, "bütün masaları biz yönəldirik” mesajı və onlara inananların kürəyinə "press”lənmiş ayaq idi. Bu ayaqların "press”ləndiyi kürəyin, çiyinlərin daşıdığı baş nə olmalıdır ki!? Söyüş də söyəcək, dövlətini bazara da çıxaracaq, pul müqabilində doğma vətənini söyənlərin üzünə tüpürdükcə, onlar da "elə bilirik göydən yağış yağır” deyəcək. Vətəndaşından göydən yağan yağışa görə də, vergi alan Almaniyada oturub bu tüpürcəkləri yağış kimi qəbul etməyin də ayrı bir "ləzzəti” var imiş, sən demə...

Rusiyada bir "mühacir” var: dili xırtdəyinə ilişdikcə, ağzından üfunət qoxuyan Elvin İsayev! Əlikram Hümbətovu dəstəkləyən Elvin İsayev! Ali təhsilsiz ali "dəyər”lərdən danışan Elvin İsayev! Müxalifətin söyüş maşınının "katuşka”larından biri və Qurban Məmmədovun efirə çıxarıb dövlət adamlarını söydürdüyü Elvin İsayev! 

Dünən Sevinc Osmanqızının efirində AXCP sədri Əli Kərimlinin də müdafiə etdiyi Elvin İsayev! Adamın Ə.Kərimliyə yazığı da gəlir e, gör, kimlərin ümidinə qalıb!? Rusiya qanunlarını heçə sayan, sosial medianın verdiyi imkanlardan əz əxlaqına uyğun "istifadə” edən Elvin İsayevin etdikləri Rusiya qanunları tapdalamaq idi. O, dəfələrlə insanları Rusiyada kütləvi iğtişaşlara çağırıb. Nə isə, bu adam(?) haqqında uzun-uzadı danışmaq istəmirəm.

Ə.Kərimli sosial şəbəkələrdə nədənsə həvəslənib belə bir sual verdi: "AXCP ailəsindən böyük ailə varmı?”

Onun bu sualını şərh eləməyə gərək görmürəm, cəmi bircə cümləlik məktub ünvanlayıram:

P.S. Meşəyə gedirəm, odun gətirməyə, bir eşşək, bir də adam göndər!



SON XƏBƏRLƏR