Bu gün Əbülfəz Elçibəyin vəfatının 19-cu ildönümüdür... 

img

22-08-2019 [12:03]


Azərbaycanlı dövlət, siyasi və ictimai xadim, dissident, Azərbaycan Xalq Cəbhəsinin lideri və Azərbaycan Respublikasının ikinci prezidenti Əbülfəz Elçibəyin bu gün ölümünün 19-cu ildönümüdür. 

Mia.az xatırladır ki,  Əbülfəz Elçibəy 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 7 illik Unuskənd məktəbini bitirdikdən sonra Ordubad şəhər 1 saylı orta məktəbində təhsilini davam etdirib. 1957-ci ildə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsinə daxil olub. Buranı bitirdikdən sonra (1962) təyinatla SSRİ Hidrolayihə İnstitutunun Bakı şöbəsində tərcüməçi işləyib. 1963-cü ilin yanvarında Misir Ərəb Respublikasına göndərilən Əbülfəz bəy 1964-cü ilin okyabrına kimi Asuan bəndinin tikintisində tərcüməçi kimi çalışıb. Xarici ezamiyyətdən dönərək 1965-ci ildə BDU-nun aspiranturasına daxil olub və aspirantura təhsilini 1968-ci ildə uğurla tamamlayıb. "Tulunilər dövləti (868-905)" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alıb (1969). BDU-nun "Asiya və Afrika ölkələri tarixi" kafedrasında müəllim və baş müəllim işləyib (1968-1975).

1975-ci ilin yanvarında Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi onu tələbələr arasında millətçi və antisovet təbliğatı aparmaq adıyla həbs edir və 17 iyul 1976-cı ilədək siyasi dustaq olaraq azadlıqdan məhrum edir. 

Həbsdən buraxıldıqdan sonra bir müddət işsiz qalan Elçibəy 1976-cı ilin dekabrında AMEA Azərbaycan EA Əlyazmalar İnstitutunda kiçik elmi işçi kimi elmi fəaliyyətə başlayır. Sonralar böyük elmi işçi, şöbə müdiri, aparıcı elmi işçi elmi rütbə və vəzifələrə qədər yüksəlir (16.07.1992-ci ilədək).

7 iyun 1992-ci ildə o, Azərbaycan Respublikasının prezidenti seçilib.

Əbülfəz Elçibəy 4 iyun 1993-cü il Gəncədə Surət Hüseynov rəhbərliyi ilə AXCP hökumətinə qarşı qaldırılan qiyamdan sonra hakimiyyətdən könüllü gedib.

Bundan sonra Kələki kəndinə getdi və orada dörd il dörd ay yaşayaraq siyasi mübarizəsini davam etdirdi. 1997-ci ildə Bakıya qayıdan keçmiş Prezident yenidən Azərbaycan müxalifətinin liderinə çevrilib və Demokratik Konqresə sədr seçilib, həmin ilin noyabrında Bütöv Azərbaycan Birliyini yaradıb.

Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy 22 avqust 2000 tarixində uzun sürət xəstəlikdən sonra dünyasını dəyişib.

O, Birinci Fəxri Xiyabanda dəfn edilib.

Allah rəhmət etsin!

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı