20-08-2019 [23:07]
"Azərbaycanın müstəqillik illərində yürütdüyü tarazlaşdırılmış xarici siyasət, neft-qaz ehtiyatlarından praqmatik şəkildə istifadə edilməsi, sosialyönümlü daxili siyasət onu haqlı olaraq bütün dünyada hörmət qazanmış müasir sabit dövlətə çevirib. Lakin Azərbaycan dövlətinin xarici siyasətinin ən mühüm prioriteti olan, keçmiş Sovet İttifaqından miras qalmış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hələ də özünün qəti və ədalətli həllini gözləyir".
Mia.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik amiz Mehdiyevin Azərbaycan və rus dillərində yenicə çapdan çıxmış "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: problemin mənbələri və nizamlanma perspektivləri” kitabında yer alıb.
Mötəbər tarixi mənbələrə əsaslanan dəyərli nəşr
Akademik Ramiz Mehdiyev yeni əsərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin köklərinə nüfuz edərək hadisənin nədən başladığını ən mötəbər mənbələr əsasında, sistemli şəkildə və mərhələlər üzrə təhlil edir. Alimin fikrincə, bu münaqişənin mahiyyətini, səbəblərini və indiki konyunkturunu anlamaq üçün onu, ilk növbədə, Rusiya imperiyasının və sovet hakimiyyətinin Cənubi Qafqazda köçürmə siyasəti kontekstində araşdırmaq lazımdır.
Əsərdə I Pyotrun Qafqaza yürüşü və Xəzəryanı sahillərin Rusiyaya birləşdirilməsi, XIX əsrdə rus-İran müharibələri, Türkmənçay müqaviləsi və ermənilərin əzəli Azərbaycan torpaqlarına – keçmiş Qarabağ, Naxçıvan və İrəvan xanlıqları ərazisinə köçürülməsinin birinci dalğası, habelə Rusiya ilə Osmanlı İmperiyası arasında Adrianopol sülh müqaviləsindən sonra ermənilərin köçürülməsinin ikinci dalğası məntiqi ardıcıllıqla diqqətə çatdırılır.
Bütün bunları müəllif hadisələrin cərəyan etdiyi dövrün mənbələri, o cümlədən Rusiyanın İranda səfiri olmuş Aleksandr Qriboyedovun "Ermənilərin İrandan bizim vilayətlərə köçürülməsi haqqında” (1828) qeydləri, Sergey Qlinkanın "Azərbaycan ermənilərinin Rusiya hüdudlarına köçürülməsinin təsviri və Ermənistanın tarixi dövrlərinin ilkin qısa şərhi” (1831), Qafqaz Arxeoqrafiya Komissiyasının Aktları (1878) və digər mənbələr əsasında təqdim edir. Məsələn, kitabda istinad edilən Nikolay Şavrovun 1911-ci ilə aid qeydlərindən aydın olur ki, hələ o zaman Zaqafqaziyada 1 milyon 300 min ermənidən 1 milyondan çoxu yerli əhali deyil, Rusiya tərəfindən köçürülənlər olub. Bu və digər mənbələr regionda ermənilərin yerli müsəlman əhaliyə faiz nisbətinin süni şəkildə dəyişdirildiyini təsdiqləyir.
Akademik təkzibedilməz faktları ümumiləşdirərək yazır: "Monofizit erməni kilsəsinin milli dövlət yaratmaq səyləri Rusiya imperiyasının müstəmləkəçilik maraqları ilə üst-üstə düşürdü: Rusiya ermənilərin İrandan və Türkiyədən Cənubi Qafqaza köçürülməsinə və gələcəkdə orada Türkiyə və İranla həmsərhəd olan ayrıca erməni vilayəti yaradılmasına kömək edir və öz növbəsində, ermənilərin üzərinə bu regionda çar Rusiyasının sədaqətli müttəfiqləri, yəni, Rusiyanın forpostu olmaq vəzifəsi qoyurdu”.
Çar Rusiyasının ermənipərəst siyasətinin sovet Rusiyası tərəfindən də davam etdirildiyini əsaslandıran akademik Dağlıq Qarabağ Muxtar Vilayətinin süni şəkildə yaradılmasını, habelə Zəngəzur, Göyçə və Azərbaycanın digər əzəli torpaqlarının Ermənistanın tərkibinə qatılmasını, Naxçıvanın anklava çevrilməsini buna misal olaraq göstərir.
Müəllif, həmçinin sovet dövlətinin Türkiyə ilə bağlı təşvişindən qaynaqlanan fəaliyyətini, Moskvadakı ermənipərəst dairələrin məqsədyönlü fəaliyyətini diqqətə çatdırır: "Gizli deyil ki, erməni şovinizminin ideoloqları ənənəvi olaraq Türkiyəyə və Azərbaycana açıq iddialar irəli sürür, Şərqi Anadolunun, Naxçıvanın, Qarabağın və Zəngəzurun vaxtilə "dənizdən-dənizə uzanan böyük Ermənistan”ın vilayətləri olduğunu deyirdilər. Sovet hakimiyyəti dövründə ermənilər Zəngəzur ərazisini özlərinə birləşdirmək və Qarabağ erməniləri üçün muxtariyyətə nail olmaq, bununla da gələcəkdə Dağlıq Qarabağın Azərbaycandan qoparılmasının təməlini qoymaq imkanı əldə etdilər”.
Akademik Ramiz Mehdiyevin vurğuladığı məqamlardan biri də ermənilərin köçürüldükləri ərazidə etnik tərkibin dəyişdirilməsinə yönəldilən siyasətdir. Kitaba azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistan SSR-dən kütləvi deportasiyası, 1946-1949-cu illərdə Ermənistan ərazisinə ermənilərin köçürülməsinə dair faktlar daxil edilib. Görkəmli alim bu qənaətə gəlir ki, çar Rusiyası və sovet hakimiyyəti tərəfindən iki əsr ərzində həyata keçirilmiş köçürmə siyasəti regionun demoqrafik mənzərəsini əhəmiyyətli dərəcədə dəyişib. 1988-1993-cü illərdə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağdan və Azərbaycanın işğal edilmiş yeddi rayonundan qovulması bu prosesin son akkordu olub. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə, ilk növbədə, etnik azərbaycanlılara qarşı həyata keçirilən deportasiya, zor gücünə qovma və soyqırımı siyasətinin məntiqi nəticəsi və növbəti mərhələsi kimi baxmaq lazımdır.
Müəllif ötən əsrin 80-ci illərində baş vermiş hadisələrə toxunaraq yazır ki, SSRİ-nin ali rəhbərlərindən biri olan Heydər Əliyevin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Ermənistanın ultramillətçi dairələri, onların Kremldəki və xarici ölkələrdəki havadarları tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması və onun Ermənistana birləşdirilməsi üçün əlverişli siyasi zəmin yaradıldı. Mixail Qorbaçov başda olmaqla SSRİ-nin ovaxtkı rəhbərliyinin millətçilərin separatçılıq səylərinə himayədarlıq yolunu seçməsi vəziyyəti daha da kəskinləşdirdi və 1988-ci ilin fevralında Sumqayıt şəhərində törədilmiş təxribata məhz bu kontekstdə yanaşmaq lazımdır.
Akademik Dağlıq Qarabağda faciəli hadisələrin başlanğıcında Azərbaycanın ovaxtkı kommunist rəhbərlərinin və Xalq Cəbhəsi liderlərinin mövqesizliyinin, məsuliyyətsizliyinin və qeyri-peşəkarlığının da Azərbaycan ərazilərinin işğalına şərait yaratdığını təəssüflə qeyd edir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemi dövlətlərarası münaqişə kontekstində
Münaqişənin sonradan SSRİ-nin dağılmasında katalizatorlardan birinə çevrildiyi fikri ilə razılaşan müəllif problemi, həmçinin dövlətlərarası münaqişə kontekstində araşdıraraq yazır: "Bu münaqişə beynəlxalq problemə, regional və dünya miqyaslı müxtəlif aktorların və onların mənafelərinin toqquşduğu nöqtəyə çevrilməklə bərabər, həm də qarşıdurma vəziyyətindəki tərəflərə təsir və təzyiq mexanizmi oldu”.
Kitabda problemin nizamlanmasının hüquqi əsası olan və bu gün də hüquqi qüvvəsini saxlayan beynəlxalq sənədlər nəzərdən keçirilir. Məsələn, SSRİ dağılandan sonra Azərbaycanın beynəlxalq sərhədləri (digər müttəfiq respublikaların sərhədləri kimi) dünya birliyi tərəfindən "uti possidetis juris” prinsipi əsasında, yəni, müstəqillik əldə edildiyi anda mövcud olan keçmiş inzibati sərhədlər çərçivəsində tanındı. Bu müddəa Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında 1991-ci il 8 dekabr tarixli Sazişdə də öz əksini tapdı. Saziş dekabrın 21-də Azərbaycan və Ermənistan da daxil olmaqla, on bir keçmiş müttəfiq respublika tərəfindən Alma-Atada imzalanmış protokol ilə təsdiqlənib. Müəllif buna misal olaraq bir sıra beynəlxalq təşkilatların, o cümlədən ATƏT-in, BMT-nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qərar və qətnamələrini xatırladır.
Bununla yanaşı, əsərdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət, o cümlədən Budapeşt, Lissabon sammitlərində münaqişənin həlli istiqamətində irəliləyişlər də diqqətə çatdırılır. Eyni zamanda, Qərb dövlətlərinin ikili standartları problemin həllinə mane olan amillərdən biri kimi göstərilir və konkret faktlarla əsaslandırılır.
Ermənistan fürsəti əldən verərək sülhü uduzub
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanma perspektivləri barədə fikir yürüdən müəllif problemin həll edilməməsinin Ermənistana mənfi təsirlərinə dair yeni misallar gətirir. Məsələn, sabiq prezident Levon Ter-Petrosyanın "Müharibə, yoxsa sülh: düşünmək vaxtıdır” məqaləsindən götürülən tezislər bu gün də aktuallığını saxlayır. Yaxud "BE Berlin Economics GmbH” konsaltinq şirkətinin Berlin qərargahının bu ilin əvvəllərində apardığı "Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistana və Azərbaycana iqtisadi təsiri” adlı araşdırmada sülhün qonşu dövlət üçün faydaları göstərilir.
Eləcə də siyasi kontekstdə, qondarma "ikinci erməni dövləti”nin beynəlxalq miqyasda tanınması haqqında məsələnin heç vaxt praktik müstəvidə qoyulmadığını bildirən akademik Ramiz Mehdiyev Ermənistanın baş naziri N.Paşinyanın danışıqlar formatını birtərəfli qaydada dəyişdirmək cəhdinin beynəlxalq vasitəçilər tərəfindən rədd edildiyini və martın 29-da Vyanada iki dövlətin rəhbərlərinin görüşünün formatının dəyişmədiyini vurğulayır. Həmçinin Prezident İlham Əliyevin görüşdən sonra TASS agentliyinə müsahibəsində səsləndirdiyi bu fikri xatırladır: "Danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır”.
Akademik yazır: "Bütün bu illər ərzində erməni cəmiyyəti döyüş meydanında qazanılan "qələbə”ni tezliklə diplomatik sahədə möhkəmləndirmək ümidi ilə yaşayıb. Lakin Ermənistan rəhbərliyi bir məsələni başa düşə bilməyib ki, qonşu dövlətə təcavüz etməklə, onun ərazisini işğal etməklə, etnik təmizləmələr aparmaqla, şəhər və kəndlərini viran qoymaqla, Ermənistan, əslində, qalib gəlməyib, uduzub! O, bu qədər fürsəti əldən verərək, sülhü uduzub. Bunu başa düşmək üçün bugünkü Azərbaycanı Ermənistanla müqayisə etmək, onların sosial-iqtisadi inkişafında fərqi qiymətləndirmək kifayətdir və bu fərq ildən-ilə daha da artacaq”.
Əsərdə Dağlıq Qarabağda Ermənistan tərəfindən qurulmuş işğalçı rejimin cinayətkar mahiyyəti bir çox mənbələrə, o cümlədən britaniyalı Harrold Keynin "Narko-Qarabağ” kitabına istinadla açılıb göstərilir.
Amerikalı ilahiyyatçı Ceyms Friman Klarkın (1810-1888) bir çoxlarına yaxşı tanış olan "Siyasətçi növbəti seçkilər haqqında düşünən insandır, halbuki, dövlət xadimi gələcək nəsillər haqqında düşünür!” sözlərini xatırladan akademik Ramiz Mehdiyev vurğulayır ki, münaqişə ədalətli şəkildə nizamlanmayana qədər Ermənistanın sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş verməyəcək.
Akademik Ramiz Mehdiyevin yeni kitabı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mənbələri və nizamlanma perspektivləri barədə aydın və bitkin təsəvvür yaradır. Problemin mahiyyətini ictimaiyyətə, xüsusən rusdilli oxuculara çatdırmaq baxımından böyük əhəmiyyətə malik olan bu əsər politoloji tədqiqatlar, siyasi araşdırmalar üçün də mötəbər mənbədir.
Konfrans liqası: hansı komandalar yarımfinala yüksəldi?
Keniyada matəm elan edilib - Baş Qərargah rəisi və yüksək rütbəli hərbçilər qəzada həlak olub
Almaniya kansleri: "Türkiyə şübhəsiz ki, mühüm strateji tərəfdaşdır"
Bayden: "Əmimi adamyeyənlər yeyib..."
Konfrans Liqası: "Aston Villa" penaltilərlə yarımfinala çıxıb
Zəhərli qələmlər, spreylər: Şimali Koreya dünyanı silkələyən viruslar yaradıb - "Nüvə silahından da təhlükəlidirlər"
Daha bir ölkə fransız diplomatlarını qovdu: "48 saata çıxın!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə güclü zəlzələ olub
Respublika Pediatriya Mərkəzi yaradılıb - Direktor təyinatı olub
Somalidə “Əş-Şəbab”a qarşı əməliyyat: təşkilatın 10 üzvü öldürülüb
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir - FOTOLAR
Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib
Hacıqabulda qatar qadını vurub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş prokuror Çinə səfər edib
Nazir direktoru vəzifədən azad edib
Ramana qəsəbəsində 2 nəfər dəm qazından zəhərlənərək ölüb
Daha iki bankın əmlakları satışa çıxarılıb
Qubad İbadoğlunun cinayət işi yekunlaşıb
İcra başçısını söyən şəxsə 5 sutka verildi
Röya: "Ərə gedirəm, sevdimsə..." - VİDEO
Bakıda marketdən 8000 manatlıq spirtli içki oğurlanıb
Rəsmi Moskvadan azərbaycanlıların Ermənistandakı yurdlarına dönmələri barədə - Açıqlama
Zelenski Qərb liderlərinə "incik mesaj" verdi: "İsrailin səmasını qoruduğunuz kimi..."
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti dayandırılır - Türkiyə MN açıqladı
Azercell “GSMA M360 EURASIA” tədbirinə ev sahibliyi edəcək
Azərbaycan futbolu və ya mərc oyunlarında fırıldaq şübhəsi
Müəllimlərin sertifikatlaşdırılması başlayır
Fuad Quluzadənin cinayət işi məhkəməyə göndərilib
Sabahın hava proqnozu açıqlandı
Politoloq: "Azərbaycanın KTMT-yə üzvlüyü mümkün deyil" - "Bu, Paşinyanın əlini gücləndirəcək"
İstanbulda əməliyyat: daha bir terrorçu tutulub
Bu rayonların şagirdləri imtahan verəcək - DİM-dən xəbərdarlıq
Tanınmış aparıcı bahalı avtomobilini satışa çıxarıb - VİDEO
Qəbula keçid balları qaldırılır? - VİDEO
Rəqsanənin əmlaklarına niyə həbs qoyulub?
Mikayıl Cabbarova daha bir müavin təyin olunub - O, kimdir? (FOTO)
İsrail Qəzzaya bomba yağdırır: daha 17 nəfər həlak olub
Azərbaycan nefti ucuzlaşıb