"Fazil Mustafa namus söhbəti edir, indi mən də durum deyim ki..." - Cəlaloğlundan deputata mesaj

img

16-08-2019 [18:37]


"Fazil Mustafa özündən arxayındırsa, sübut istəyirsə, Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət eləsin”. 

Mia.az xəbər verir ki, bu sözləri "Yeni Sabah"a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. 

Xatırladaq ki, ADP sədri millət vəkili Fazil Mustafanı FETO ilə əlaqədə ittiham edib. Fazil Mustafa isə "Sərdar Cəlaloğlu bunu sübut etməsə, namussuzdur”, - deyə ona sərt cavab verib.

Sərdar Cəlaloğlu bildirib ki, bu məsələni mediada müzakirə etmək niyyəti yoxdur: "Dövlət var, dövlətin müəyyən qurumları var. Buyursun DTX-ya müraciət etsin, məni də çağırsınlar, bildiklərimi deyim. Fazil Mustafa bunu eləmək əvəzinə, millət vəkilinə yaraşmayan tərzdə danışır, namus söhbəti edir. İndi mən də durum deyim ki, mənim PKK ilə əlaqələrimi sübut etməyən namussuzdur? Axı belə olmaz. Bu, bizə yaraşmaz”.

ADP sədri əlavə edib ki, o, özü Fazil Mustafa ilə bağlı DTX-ya müraciət emək istəyib. Lakin müavinləri onu fikrindən daşındırıb: "Bu adam Azərbaycanın tarixi şəxsiyyətlərini, xüsusilə Şah İsmayıl Xətaini aşağılamaqla məşğuldur. Mən də DTX-ya müraciət etmək istəyirdim ki, onun FETO ilə əlaqələrinin olub-olmadığı araşdırılsın. Amma müavinlərim bildirdi ki, Fazil Mustafa yanlışlığa yol verdiyini etiraf edib, deyib ki, gərək Şah İsmayılla bağlı müzakirələri akademik səviyyədə aparaydım. Bir növ geri çəkilib. 

Ona görə mən də DTX-ya müraciət etməkdən vaz keçdim. Amma indi görürəm ki, məni təhqir edir”. 

Sərdar Cəlaloğlu PKK ilə əlaqələri barədə iddialara da aydınlıq gətirib. ADP sədri bildirib ki, PKK təmsilçiləri ilə görüşü 1992-ci ildə olub: "Onlar mənimlə görüşməzdən əvvəl Azərbaycanın bir çox siyasətçiləri ilə görüşmüşdülər. Özü də mən görüş zamanı bilmişəm ki, onlar PKK-nın nümayəndələridir. Azərbaycanda yaşayan kürdləri ermənilərlə vuruşmaqdan çəkindirməyə gəlmişdilər. 

Mən də onlara dedim ki, erməni türkə, kürdə, talışa, ləzgiyə fərq qoymur. Kim müsəlmandırsa onu özünə düşmən sayır. Təsadüfi deyil ki, 20-ci əsrin əvvəllərində baş verənlər də erməni-müsəlman davası kimi tarixə düşüb. Bundan sonra onlar dediklərinə təəssüf etdilər və geri qayıtdılar. Bu məsələ gündəmə gələndə mən DTX-ya müraciət etdim, PKK ilə əlaqələrim varsa, çıxarıb qoysunlar ortaya”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq