Müdafiə naziri yeni hərbi hospitalın açılışında olub

13-08-2019 [09:54]
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti bu istiqamətdə görülən işlərlə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanına məruzə edilməsi məqsədilə cəbhəboyu zonada yeni tikilən hərbi hospitalın açılışında olub.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, mərkəzdə qan bankı, laboratoriyalar, müalicə palataları, əməliyyat otaqları, doqquz nəfərlik reanimasiya palatası, cərrahiyyə və əməliyyat blokları, tibbi ləvazimatlar anbarı, qəbul şöbəsi, xəstələr üçün qida qəbulu zalları, aptek, stomotologiya, oftalmologiya, yuma-dezinfeksiya, genekologiya, LOR, terapiya, rentgen və kompüter tomoqrafiyası, endoskopiya, dermotologiya və efferent bölmələri yaradılıb.

Bildirilib ki, Almaniya, Amerika, Yaponiyada və digər qabaqcıl ölkələrdə istehsal edilən, tibbin son nailiyyətləri olan avadanlıqlarla təchiz edilən palatalarda hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərilməsi, eləcə də onların müalicəsi üçün hər cür şərait mövcuddur. Hospital bioloji təmizləmə qurğusu, cərrahiyyə əməliyyatlarının fasiləsiz təminatı üçün UPS sistemi, ehtiyat generator qurğusu, su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunub. Həmçinin təxirəsalınmaz tibbi yardım göstərilməsi məqsədilə 2 reanimobildən ibarət qrup yaradılıb və təxliyə üçün hospitalın ərazisində helikopter meydançası salınıb.

Müdafiə naziri yeni istifadəyə verilən hərbi hospitalda yaradılan şəraitlə tanış olduqdan sonra tibbi personalla görüşüb, onları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tapşırıqlar verib.

Sonda qurbanlıqlar kəsilib və xatirə şəkilləri çəkdirilib.


SON XƏBƏRLƏR