"Həsən Həsənov əsl dövlət adamıdır..." - Vəkil Ramil Səfərovun işi üzrə maraqlı faktları yazır

12-08-2019 [11:12]
Məşhur vəkil Adil İsmayılov Macarıstanda erməni hərbçisini ölümünə görə həbe edilmiş Ramil Səfərovun işi üzrə maraqlı məqamları sosial şəbəkədəki səhifəsində paylaşıb.

Mia.az onun açıqlamasını olduğu kimi təqdim edir:

***

Beləliklə, Ramil Səfərovun Macarıstanda birinci məhkəmə iclası 23 noyabr 2004-cü ildə baş tutdu. 

Həmin ilin sentyabr ayında Macarıstanda Azərbaycan Respublikasının səfirliyi açılmışdı. Həsən Həsənov səfir təyin edilmişdi. Ona qədər Həsənovla şəxsi tanışlığımız olmasa da barəsində kifayət qədər bilgim vardı, orda bir daha əmin oldum ki, Həsənov həqiqətən dövlət adamıdır. Ramil Səfərovun işi ilə əlaqədar ən çox zəhmət çəkmiş insanlardan biri Həsən Həsənov oldu. Birinci məhkəmədə səfirliyin əməkdaşları və Budapeştdə təhsil alan bir qrup azərbaycanlı tələbə iştirak etdi. Hakimlər və dövlət ittihamçısı, habelə prosesin digər iştirakçıları təqdim edildi , onlara etirazın olmadığı aydınlaşdırıldı. 

Yeri gəlmişkən Məhkəmə zalı çox möhtəşəm idi. İttihamçı-prokuror bizdəkindən fərqli olaraq vəkillər kimi mantiya geyinmişdi. Mantiyalar arasında yeganə fərq yaxalığın rəngində idi. İttihamçı, zərərçəkən şəxsin vəkili və Ermənistandan olan nümayəndəsi hakimə baxanda solda, təqsirləndirilən şəxsin vəkili və nümayəndəsi sağda oturmuşduq. Ramil Səfərov məhkəmə heyəti ilə üzbəüz oturmuşdu. Məhkəmə zalında bizdəki kimi qəfəs və akvarium yox idi. Fasilədə nəzarətçilər Ramil Səfərovla görüşə, hətta şəkil çəkdirməyə şərait yaradırdı və bunun üçün heç kimdən pul istəmirdi, eyni ilə bizdəki kimi.

Yeri gəlmişkən, məhkəmədə hakimlik edən Andraş Vaskuti mantiya geyinmişdi. Onun sağdış, solduşu olan iki qadın isə mantiyasız adi geyimdə idilər. Məlim oldu ki, Macarıstanda köhnə, sovet sistemində olduğu kimi xalq iclasçıları var. Bunlar andlı iclasçılar da deyil, sadəcə xalq arasından seçilmiş qeyri-professional hakimlərdi, açığı buna çox təəccübləndim, amma bu dəfə macar məhkəməsi bizimki ilə müqayisədə uduzurdu.

Proses iştirakçılarınin təqdimatından sonra hakim bildirdi ki, nə qədər Ramil Səfərov prosesin aparıldığı macar dilini bilmir onun hüquqlarının təmin edilməsi üçün məhkəmə tərcüməçi dəvət etməyə qərar verib. Daha sonra hakim belə bir cümlə işlətdi: "Ramil Səfərovun ittiham edildiyi cinayətə görə ən ağır cəza ömürlük həbs cəzası nəzərdə tutulur. Ona görə də Macarıstan dövləti tərcüməçilər üçün pul əsirgəməməlidir. Biz 4 tərcüməçi dəvət etmişik”. 

Tərcüməçilər təqdim edilərkən məlum oldu ki, hakim dörd dil - Azərbaycan, rus, ingilis və türk dilləri üzrə tərcüməçi dəvət edib. Əvvəl barəsində bəhs etdiyim Cənubi Azərbaycan əsilli Azərbaycan dili üzrə tərcüməçi görünür ki, Macarıstanda çoxdan yaşadığından onun azərbaycancasını başa düşmək olmurdu. Rus dilindən tərcümə edəcək qadın istintaqda iştirak etmişdi, təbii ki, Səfərov onun iştirakına etiraz etdi. İngilis dili üzrə tərcüməçi birinci dəfə prosesə cəlb edilmişdi. Səfərov onların arasından tərcüməçi kimi türk dili üzrə tərcüməçi Qabriela Ortuncu seçdi. Hesab edirən ki, həyat yoldaşı türk olan bu macar qadının da Ramil Səfərovun cinayət işində və həyatında xüsusi müsbət rolu oldu, o, Ramilə oğlu kimi münasibət göstərirdi. 

Burda bir haşiyə də çıxmaq istərdim. Macarıstanda məhkəmədə iştirak edən tərçüməçi gördüyü işin bir saatı üçün o vaxt təxminən 80 avro alardı, prosesin sonunda hakim zəhmət haqqının verilməsi üçün qərar verirdi və tərcüməçi pulu dərhal ala bilirdi. 

Prosedur məsələləri bitdikdən sonra məhkəmə Ramil Səfərovun dindirilməsinə keçdi…

(Davamı olacaq).


SON XƏBƏRLƏR